Cəmiyyət

Ən ali zirvədir şəhidlik

Movavi

Arzusu, amalı Vətənin çətin zamanlarında yanında olmaq, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın azadlığı uğrunda şəhadət zirvəsinə yüksəlmək idi kapitan Aşur Cəmiyevin. Elə özünün də dediyi kimi “…Vətən sağ olsun… Ən gözəl ölümdür şəhidlik, ən gözəl ölüm”.

Aşur Bəybala oğlu Cəmiyev 18 iyun 1989-cu ildə Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdu. Sonra ailəsi ilə birgə Naxçıvan şəhərinə köçən Aşur orta təhsilini də elə burada almışdı. Onunla ilk tanışlığımız da eyni məhəllədə qalmağımızdan, dostluğumuz isə eyni orta məktəbdə təhsil almağımızdan başlamışdı. Düzdür, o məndən yaşca böyük idi. Amma Aşuru tanıyan hər kəs etiraf edər ki, o, böyüklə böyük, kiçiklə kiçik olmağı yaxşı bacarır, hamı ilə şirin dil tapırdı. 2003-cü ildə orta təhsilinin qalan hissəsini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə davam etdirən Aşur, sanki hələ hərbi liseyə daxil olarkən bilirmiş ailəsinin, bütün Azərbaycanın fəxri olacağını.

Liseydə oxuduğu müddətdə nizam-intizamı, fiziki hazırlığı yüksək səviyyədə olan Aşur döyüş ruhu və vətənpərvərliyi ilə hər zaman seçilirmiş. Liseyi uğurla bitirdikdən sonra Lənkəran sərhəd dəstəsinə təyinat alır. O, hələ burada xidmət etdiyi müddətdə ölkəmizin cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlarda iştirak etmiş və şücaətinə görə xüsusi fərqlənmişdi. Xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı ilə mükafatlandırılmışdı.

Bu şücaət, mərdlik, eyni zamanda ölümün gözünə hər zaman dik baxması onu məhz ən böyük arzusuna çatdırdı. Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə, haqq savaşına başladı. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Qədim və şanlı tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi.

Vətən müharibəsinin başladığı ilk gündən “Şəhidlikdən yüksək zirvə yoxdur”, – deyən Aşur könüllü olaraq ərizə yazıb döyüşlərə qatılmaq istəyir. Dəfələrlə ərizəsinin geri dönməsinə baxmayaraq, o, inadından dönmür və nəhayət, döyüşlərə qatılır.

Döyüşün ilk günlərindən o, təlimlərdə topladığı yüksək təcrübə və taktika hesabına düşmənin ön xətlərdəki istehkamlarını yarmağa müvəffəq olur. Cəbhə dostlarının dediklərinə görə, hərb sənətinin sirlərini dərindən bilən Aşur düşdüyü hər mövqedə öndə getməyə tələsir, qələbə inamı ilə döyüşürdü. Bəlkə də, elə bu tələskənlik onu əbədiyyətə daha tez qovuşdurdu. O, heç vaxt şəxsi istəklərini, maraqlarını Vətənin mənafeyindən üstün tutmadı, əsl insanlıq, vətənpərvərlik nümunəsi sərgilədi son nəfəsinə qədər.

Müharibənin hər ötən günü bayraq, Vətən sevgisi, milli mənliyi, qüruru onun qələbə eşqini daha da alovlandırırdı. Kapitan Cəmiyev Zəngilana, Qubadlıya, ən çox da Şuşa qalasına bayraq sancmadan şəhid olmaq istəmirdi. Aşur Xudafərinə, Zəngilana bayraq sancan oğullar sırasında olmağın qürurunu yaşadı, bütün azərbaycanlılara yenidən əzəli, əbədi torpaqlarımıza qayıda bilmək qürurunu yaşatdı. Oktyabrın 6-sı gedən döyüşlərdə yaralansa da, 15 gün bunu hər kəsdən gizlətdi. Vətən ağrısını, acısını öz yarasından üstün tutdu, hər azad edilən torpağımızı öz yarasına məlhəm bildi. Nəhayət, döyüşlərdən birində şəhadət şərbətini içərək gözlərini əbədi olaraq yumdu.

Aşur şəhid olduqdan sonra cəbhədə silah yoldaşları ilə danışan ailəsinə isə onların sözü belə olur: “Sağ olun ki, bu xalq üçün Aşur kimi oğul yetişdirmisiniz. Çox qorxmaz, vətənpərvər, torpağa bağlı bir insan, ürəkli döyüşçü idi. Düşmənin xeyli sayda həm canlı qüvvəsini, həm də texnikasını məhv edib. Var olsun onu yetirən torpaq, böyüdən ata-ana…”
Şəhidin bacısı Ayşən xanım deyir ki, qardaşımın ad günü 18 iyuna – Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətə qovuşduğu günə təsadüf edir. Bu səbəbdən də qardaşım qəhrəmanımızın şəhid olduğu gündən bəri heç vaxt öz doğum gününü qeyd etmir, “Mübarizin qisası haçan alınar, o zaman da qeyd edərik”, – deyirdi. Bu gün artıq şəhidimiz həm də başqa bir arzusuna çatıb. Mübarizin, Aşurun timsalında bütün şəhid olan mübariz oğullarımızın qisası alınıb. Aşur həm də ailəli idi. Ondan geriyə 3 övladı yadigar qalıb.

Azərbaycan Respublikasının ərazi bötüvlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, eyni zamanda vəzifə borcunu ləyaqət və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aşur Cəmiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı II Qarabağ müharibəsində əldə edilən parlaq və tarixi qələbəni ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuza borcludur. Aparılan haqq savaşı və əldə edilən qələbə torpaqlarımızın erməni işğalından azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası ilə yanaşı, həm də ölkədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına da mühüm zəmin yaradıb. Ölkə Prezidenti cənab İlham Əliyev vaxtilə daxili məcburi miqrasiya proseslərinə məruz bir milyondan çox qaçqın və məcburi köçkünün ən böyük arzusunu, xəyalını gerçəkliyə çevirib. Artıq məcburi köçkünlərimiz hər ötən günə, hər açılan yeni sabaha böyük ümidlə baxırlar. 30 ilə yaxındır ki, qəlbi Vətən eşqi ilə yanan, doğma ev-eşiyindən didərgin düşərək daxili məcburi miqrasiyaya məruz qalan köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdıb. Bundan sonra da yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar.

Arif BAYRAMOV

Dövlət Miqrasiya Xidmətinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button