ManşetMədəniyyət

Azərbaycan mədəniyyət siyasətinə dair milli məruzə hazırlanıb

Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı onlayn informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının qabaqcıl metodologiyasına əsasən hazırlanmış növbəti illik “Azərbaycan mədəniyyət siyasətinə dair Milli Məruzə” beynəlxalq ictimaiyyətin istifadəsi üçün təqdim olunub.

QİA.AZ” xəbər verir ki, sözügedən Azərbaycan mədəniyyət siyasətinə dair Milli Məruzə aşağıdakı mövzuları əhatə edir:

1. Mədəniyyət siyasəti sistemi (Məqsədlər, əsas xüsusiyyətlər və arxa plan, Daxili idarəetmə sistemi, Mədəniyyət müəssisələri, Beynəlxalq əməkdaşlıq);

2. Cari mədəniyyət fəaliyyəti (Əsas inkişaf, Mədəni hüquqlar və etika, İncəsənət xadimlərinin və mədəniyyət işçilərinin rolu, Rəqəmsal siyasət və inkişaf, Mədəni və sosial müxtəliflik, Mədəniyyət və sosial inteqrasiya, İncəsənətin cəmiyyətə təsiri, Mədəni davamlılıq, Mədəniyyət siyasətinin digər əsas məsələləri);

3. Mədəni və yaradıcı sektorlar (İrs, Arxivlər və kitabxanalar, İfaçılıq sənəti, Vizual sənət və sənətkarlıq, Mədəniyyət sənəti və yaradıcılıq sahələr);

4. Qanun və qanunvericilik (Ümumi qanunvericilik, Mədəniyyət haqqında qanunvericilik);

5. İncəsənət və mədəniyyət təhsili (Siyasət və institusional icmal, Məktəblərdə incəsənət, Ali incəsənət və mədəniyyət təhsili, Məktəbdənkənar incəsənət və mədəni təhsil, Peşə hazırlığı və əlavə təhsil);

6. Mədəni iştirak və istehlak (Siyasət və proqramlar, Mədəni iştirakda təmayüllər və rəqəmlər, Ev təsərrüfatlarının məxaricində meyllər və rəqəmlər, Mədəniyyət və vətəndaş cəmiyyəti);

7. Maliyyələşdirmə və dəstək (Dövlət maliyyələşdirilməsi, Dəstək proqramları, Özəl maliyyələşdirmə).

Məlumat üçün bildirilir ki, Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1990-cı illərdən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi ilə yanaşı bir sıra digər ölkələr tərəfindən hazırlanan milli məruzələr müvafiq veb-portalda yerləşdirilir (https://www.culturalpolicies.net/). Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Belə ki, layihənin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin Milli Müəlliflərinin İllik Assambleyası 4-5 dekabr 2008-ci ildə Bakı şəhərində təşkil olunmuşdur. Beynəlxalq layihənin nəticələri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda, mədəniyyət sahəsi üzrə normayaratma prosesində nəzərə alınmış, bir çox innovativ proqram və layihələrin hazırlanmasında və həyata keçirilməsində əsas məlumat mənbəyi kimi geniş istifadə olunmuşdur.

Dünyanın mədəniyyət siyasətçiləri və idarəçiləri, incəsənət institutları və şəbəkələri, tədqiqatçılar və sənədləşmə mütəxəssisləri, jurnalistlər və tələbələrdən ibarət geniş auditoriyasına yönəldilmiş Kompendium məlumat bazasının beynəlxalq nüfuzunu, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən mədəni proseslər haqqında obyektiv informasiyanı dünya ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanları nəzərə alaraq, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun təşəbbüsü ilə cari ilin fevral ayından etibarən ölkəmiz beynəlxalq onlayn platforma formatında davam etdirilən “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın tam-hüquqlu üzvlüyünə qəbul olunmuşdur.

Əlaqəli xəbər

Back to top button