İqtisadiyyat

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər həyata keçiriləcək

728x90

Noyabrın 3-də Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovla görüşü keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən QİA.AZ-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə ediblər.

Səfir bildirib ki, 2019-cu ildə 40 mindən çox Pakistan vətəndaşı Azərbaycana səfər edib və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq. Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd edib.

Danışıqlar zamanı C.Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.

Cari ilin yanvar ayında Azərbaycan və Pakistanın Milli aviadaşıyıcıları arasında imzalanmış Kod-şerinq sazişini xatırladan C.Əsgərov beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib.

Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranıb. Birbaşa reyslər uçuş vaxtını ən azı 3 saatadək azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq.

728x90

Əlaqəli xəbər

Back to top button