Gündəm

Bakıda bu küçə də əsaslı təmir olundu

Movavi

Xətai rayonu Abbas Fətullayev küçəsi əsaslı şəkildə təmir edilib .

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən QİA.AZ-a verilən məlumata görə, Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 11.4 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmir-tikinti işlərinin yekunlaşdığı növbəti ərazi Abbas Fətullayev küçəsidir.

Uzunluğu 2.8 km, ortalama eni təqribən 18 metr təşkil edən küçə uzun müddət təmir olunmadan istismar olunduğundan gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib.

Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Sonuncu mərhələdə isə küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra Abbas Fətullayev küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Sözügedən küçədə təmir işləri 38 min kv.m-ə yaxın sahədə aparılıb.

İnvestisiya Proqramına uyğun olaraq hazırda Xətai rayonu üzrə təmir-tikinti işləri yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan Əliağa Şıxlinski küçəsinin Neapol dairəsindən Məhəmməd Hadi və Nəsirəddin Tusi küçələrinə qədər olan hissəsində, həmçinin Kazımağa Kərimov küçəsində də aparılır. Sözügedən küçələrin təmir olunan hissəsinin uzunluğu 3.9 km təşkil edir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq aparılır. Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Ümumiyyətlə isə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41.5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button