Hərbi

Birgə hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür

Movavi

“Azərbaycan Ordusu” qəzeti “Birgə hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür” adlı məqalə hazırlayıb.

QİA.AZ məqaləni təqdim edir:

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. sahələrdə uğurla inkişaf etməkdədir. Hər iki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaşlar kimi münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımlarla nümayiş etdirir. İstər Azərbaycanda, istərsə də Türkiyədə yeni hökumət fəaliyyətə başlayan zaman yüksək vəzifəli dövlət xadimlərinin ilk xarici səfərlərini Ankaraya və Bakıya etmələri əlaqələrin qarşılıqlı etimad və inam əsasında qurulmasından xəbər verməklə yanaşı, dünyaya Ulu Öndərimizin “Bir millət, iki dövlət” deyiminin reallığı əks etdirdiyini təsdiqləyən mühüm ismarıc da göndərir.

Son 30 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib, 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə öz töhfəsini verib.
Türkiyə, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına da hər zaman dəstək göstərib. Türkiyə Azərbaycanda kadrların hazırlanmasında və hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Daim iki ölkə arasında hərbi-texniki əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Prezident İlham Əliyev birgə təlimləri yüksək qiymətləndirərək bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün də təlimlərin rolu danılmazdır. “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.


Hərbi təlimlərin əhəmiyyəti silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının daha da artırılması, qarşılıqlı əməliyyat şəraitində döyüşlərin aparılmasıdır. Təlimlər ordunun qarşısına qoyulan məsələlər istiqamətində döyüş bacarığının gücləndirilməsinə istiqamətlənib.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq iki ölkə arasında müxtəlif səpkili hərbi təlimlər keçirilir. Bu il keçirilən “Qış təlimi-2021”, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimlərinin də, o cümlədən keçirilən digər təlimlərin də əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button