Gündəm

“Bütün Pakistan Qəzetləri Cəmiyyəti” Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş infoqramlar yayıb

Xocalı soyqırımının 29-cu ildönümünün anılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Bütün Pakistan Qəzetləri Cəmiyyəti” (All Pakistan Newspapers Society – APNS) tərəfindən ingilis və urdu dillərində hazırlanmış infoqramları Pakistanın bir çox kütləvi informasiya vasitələri dərc edib.

“QİA.AZ” xəbər verir ki, infoqramların başlığında Xocalı soyqırımından 29 il keçdiyi qeyd olunaraq, 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə daxil olduqları, şəhəri yerlə-yeksan etdikləri və əzəli Azərbaycan torpağı olan Dağlıq-Qarabağı işğal etdikləri bildirilib. İnfoqramlarda Xocalı soyqırımı zamanı öldürülən, yaralanan, əsir götürülən insanların sayı, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlara da yer verilib.

İnfoqramlarda o cümlədən, Xocalı Soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması tələbi də vurğulanıb.

Bütün Pakistan Qəzetləri Cəmiyyəti (APNS) Jang, Dawn, Nawa-i-Waqt kimi böyük informasiya agentlikləri və qəzet qrupları da daxil olmaqla, özündə Pakistanın 170-ə yaxın nəşriyyat evi və şirkətini birləşdirən təşkilatdır. Sözügedən infoqramlar APNS-ə üzv olan əksər Pakistan qəzetlərində yayılıb. 

Əlaqəli xəbər

Back to top button