Deputat: Prezident İlham Əliyevlə keçirilən hər görüş Paşinyan üçün fiasko ilə nəticələnir

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası, tərəflər arasında sülh müqaviləsinin imzalanması beynəlxalq ictimaiyyətin diqqətində olan məsələdir.

QİA.AZ xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması regionun ən prinsipial və ilk həllini gözləyən məsələsidir: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən Prezident İlham Əliyev Sammit çərçivəsində keçirdiyi görüşlərdə, eləcə də İspaniyanın “El Pais”qəzetinə verdiyi müsahibəsində bir sıra məqamlara aydınlıq gətirməklə yanaşı post müharibə dövrü barəsində ətraflı məlumat verib. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, Azərbaycan müharibədə qalib gəlib. Bu reallıqla hər kəs barışmalıdır. Hazırda Ermənistan ölkəmizin nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. İşğalçı ölkə torpaqlarımız işğal altında olan zaman danışıqlar masasında sərgilədiyi siyasəti davam etdirir. Onlar düşünür ki, hazırkı vəziyyət 1990-cı illərdəki vəziyyətlə eynidir. Ancaq Ermənistan rəhbərliyi anlamır ki, nə Azərbaycan 1990-cı illərdəki Azərbaycan, nə də regionda mövcud durum o zamankı durumdur. Bu baxımdan bəyanatlar, danışıqlar prosesini artıq müxtəlif bəhanələrlə uzatmaq yolverilməzdir və bu proses qısa zamanda öz müsbət həllini tapmalıdır. Ermənistanın Avropalı tərəfdaşları da bunu yaxşı başa düşürlər. Fransa Prezidenti Makronun Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikola Paşinyanla görüşündən sonra sosial şəbəkədə olan hesabı üzərindən Azərbaycan dilində paylaşım etməsi bir çox məsələlərə aydınlıq gətirir”.
Deputat onu da bildirib ki, Azərbaycan Prezidentinin Brüssel səfəri uğurlarla yadda qaldı və yeni reallıqların həyata keçirilməsinin vacibliyini ortaya qoymuş oldu: “Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilməsi barədə razılıq əldə edilib. Əslində, bu dəhlizin Azərbaycanla yanaşı regiona faydaları misilsizdir. Hətta Ermənistanın özünə belə bir çox üstünlüklər gətirəcək Zəngəzur dəhlizi ilə bağlı araşdırma aparan beynəlxalq ekspertlər də bunu bildirirlər. ABŞ-da fəaliyyət göstərən tanınmış “Ponars Eurasia” araşdırmalar mərkəzi Emmanuel Dreyfus və Yül Yuqonun Zəngəzur dəhlizi ilə bağlı məqaləsini dərc edib. Müəlliflər xatırladırlar ki, 1980-ci illərdə Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin təxminən 85 faizi Azərbaycandan keçən dəmir yolları şəbəkəsinin payına düşürdü. Mərkəzin ekspertləri hesab edir ki, hazırda Rusiya Ermənistana məhsul idxal edən əsas dövlətdir. Ermənistana Rusiyadan neft, əlvan metallar və taxıl kimi məhsullar tədarük edilir. Əslində, bu məhsulların nəqli zamanı dəmir yollarından istifadə edilməsi daha sərfəlidir. Digər tərəfdən, Rusiya Ermənistan üçün Avropa İttifaqından sonra ikinci ən böyük bazardır. Bu ölkədən Rusiyaya illik 290 milyon dollar dəyərində məhsullar tədarük olunur. Odur ki, Arazboyu dəmir yolları şəbəkəsinin açılması Rusiya ilə Ermənistan arasında ticarət əlaqələrində nəqliyyat xərclərinin azalmasına səbəb olacaq. Bütün bunları nəzərə alıb onu demək olar ki, həyata keçirilən uğurlu siyasət Ermənistanın hər mənada dalana dirənməsi ilə nəticələnir. Yaxın vaxtlarda biz bu yöndə müsbət hadisələrin şahidi olacağıq. Çünki bu zamanın tələbidir”.

Oxşar Xəbərlər