Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilmişdir ki, bu günədək işğaldan azad edilmiş rayonların geoloji xəritələri təftiş edilmiş, fond məlumatlarına əsasən mövcud olmuş mineral xammal ehtiyatlarının balansı yenidən qiymətləndirilib. Bu rayonlarda mövcud olmuş 167 yatağın kadastr işləri icra edilmiş, işğal dövründə talan edilmiş 52 yatağın təftişi və monitorinqi aparılmış, dəymiş ziyanın ilkin qiymətləndirilməsi aparılıb. Yeraltı su mənbələrinin öyrənilməsi istiqamətində Ağdam rayonunda 523, Füzuli rayonunda 68 quyu təftiş edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilib, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.
İşğaldan azad edilmiş ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” hazırlanıb. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Bu ilin əvvəlindən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd rayonlarının ərazilərində ümumilkdə 20 minə qədər ağac tingi əkilmiş, eləcə də 2 tona yaxın Palıd və Şərq çinarı toxumları səpilib. Meşəsalma ilə bağlı planlaşdırılan ərazilərin minalardan təmizlənməsindən sonra genişmiqyaslı meşə əkini tədbirləri həyata keçiriləcək.
Eyni zamanda hidrometeoroloji fəaliyyətin bərpası sahəsində görülən işlər barədə qrup üzvlərinə məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulmuşdur. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 2022-ci ilin aprel ayınadək 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işləri başa çatdırılacaq.
Görüşdə həmçinin “Azərsky” peyk təsvirlərindən istifadə edilməklə işğaldan azad edilmiş ərazilərdə aparılmış monitorinqlər, o cümlədən kənd təsərrüfatı sahəsində payız əkinləri üçün şumlanmış ərazilər, bu ərazilərin rayonlar üzrə statistikası üzrə görülmüş işlər haqqında qrup üzvlərinə məlumat verilib.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.