İdman

FIFA bu gün ilin ən yaxşı futbolçusunu açıqlayacaq

FIFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını mükafatlandıracaq.

“QİA.AZ”ın məlumatına görə, “The Best” mükafatının təqdim ediləcəyi tədbir koronavirus pandemiyası səbəbindən ilk dəfə onlayn keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İlin ən yaxşı futbolçusu adına İtaliya “Yuventus”undan Kriştianu Ronaldu, Almaniya “Bavariya”sından Robert Levandovski və İspaniya “Barselona”sından Lionel Messi iddia edir.

İngiltərə “Liverpul”undan Yurgen Klopp, “Lids Yunayted”dən Marselo Byelsa və Almaniya “Bavariya”sından Hans-Diter Flik ilin ən yaxşı baş məşqçisi adına namizədlərdir.

Ümumilikdə, mükafatlar 11 nominasiya üzrə veriləcək. İlin futbolçusu, məşqçisi ilə yanaşı, ən yaxşı qadın futbolçu və qadın komandasının ən yaxşı məşqçisi də bəlli olacaq. Bundan əlavə, kişi və qadın futbolunun ən yaxşı qapıçısı, rəmzi komandalar və feyr-pley mükafatının sahibi də müəyyənləşəcək.

İlin ən yaxşı azarkeşi və ya azarkeş qrupu bəlli olacaq, həmçinin ən gözəl qola imza atan oyunçuya “Ferents Puşkaş” mükafatı veriləcək.

Qeyd edək ki, ötən il “The Best” mükafatını Lionel Messi qazanıb.

Əlaqəli xəbər

Back to top button