Cəmiyyət

“Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib

Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti bilik yarışı keçirilib.

QİA.AZ” xəbər verir ki, “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub.

2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır.

Builki yarış eyni zamanda Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.

Qeyd edək ki, yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədi ilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub. Bununla yanaşı, noyabrın 6-da bilik yarışının iştirakçı komandaları üçün təlim keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilən təlimin məqsədi Vətən müharibəsi və şanlı zəfər tarixinin öyrənilməsi olub.

İştirakçı komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.

Bilik yarışı 3 turdan ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. Turların sonunda ümumi qiymətləndirmə üzrə 3 qalib komanda müəyyən edilib. Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə layiq görülüb.

Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button