İranın nüvə proqramına dair Vyana danışıqları aprelin 20-də davam etdiriləcək

İranla bağlanmış nüvə sazişini xilas etmək üçün Vyana danışıqları aprelin 20-də davam etdiriləcək.

QİA.AZ xəbər verir ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə birgə komissiya öz işini Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Enrike Moranın sədrliyi ilə keçirəcəkdir. İranla danışıqlarda sazişi imzalayan dövlətlərin ABŞ istisna olmaqla hamısı (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) iştirak edirlər.

Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrell danışıqların növbəti raundundan öncə sazişin xilası istiqamətində göstərilən səylərin gedişatından nikbinlik ifadə edib. Ali Komissar qeyd edib ki, onda yeni razılaşma əldə edə bilmək üçün həm ABŞ, həm də İran tərəfinin “xoş niyyət” göstərdiyi barədə təəssüratlar yaranıb.

Qeyd edilməlidir ki, İran rəsmiləri də ötən həftənin sonunda danışıqlarda irəliləyiş müşahidə olunduğunu və danışıqların düzgün yolda davam etdiyini bildiriblər. Lakin eyni zamanda da vurğulanıb ki, bu, Vyana danışıqlarında hələ yekun mərhələyə çatmaq anlamına gəlmir.

Oxşar Xəbərlər