Azərbaycanın bütövlüyü uğurunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Belə qəhrəmanlardan biri də Şəhriyar Məmmədovdur.
Məmmədov Şəhriyar Bayramqulu oğlu 1988-ci ildə Babək rayonunun Qahab kəndində anadan olub. İlk təhsilini Qahab kənd məktəbində alan Şəhriyar 2006-cı ildə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyi, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Şəhriyar Məmmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində birillik ixtisas təkmilləşdirmə kursundan sonra 2011-ci ildə “N” hərbi hissədə xidmətə başlayıb. Leytenant Məmmədov hərbi xidmətdə olduğu müddət ərzində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanıb. 2013-cü il aprel ayının 8-də Ağdam rayonunun Kəngərli kəndi istiqamətində mənfur düşmənin təxribatı zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olan gənc zabitin Vətənimiz qarşısında xidməti əvəzsiz qalmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə leytenant Məmmədov Şəhriyar Bayramqulu oğlu ölümündən sonra “İgidliyə görə” medalına layiq görülüb.
Medal şəhid zabitin anası Ceyran Əliyevaya Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı tərəfindən qəhrəmanın şərəfinə keçirilən tədbirdə təqdim edilib.
28 dekabrda Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmış vətən övladının anadan olma günüdür.
Mövludun mübarək, ruhun şad olsun şəhidim.
Bəxtiyar ƏLİYEV