Mədəniyyət

Naxçıvanda “Qəhrəmanlar unudulmur” adlı sərgi keçirilib – FOTO

Naxçıvan Rəssamlar Birliyində “Qəhrəmanlar unudulmur” adlı rəsm sərgisi keçirilib.

“QİA.AZ” xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq Vətən müharibəsində böyük hünər və rəşadət göstrən Vətən oğullarının əziz xatirəsini yad edib. Qeyd olunub ki, Muxtar respublikada şəhidlərimizin xatirəsi yaşadılır, həmişə əziz tutulur. Biz bütün şəhid analarının qarşısında baş əyirik. Bugünkü tədbir də şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə təşkil edilib. Rəssamlarımız tərəfindən naxçıvanlı şəhidlərimizin portreti çəkilib.

Sonra şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov çıxış edərək bildirib ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimiz hər zaman xalqımızın qəlbində yaşayacaq, hörmətlə anılacaqdır. Şəhid atası diyarımızda şəhid ailələrinə göstərilən qayğıya və bu sərginin keçirilməsinə görə minnətdarlıq edib.

Tədbirdə təxminən 25 rəssamın 69 rəsm əsəri sərgilənib. Bunlar arasında rəssam Şəmsəddin Böyükdüzlünün də 29 rəsm əsəri yer alıb.

Bu əsərlər Vətən Müharibəsi zamanı şəhid olmuş şəxslərin portretlərindən ibarət olub. Tədbirə şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, “Naxçıvanlılar” qrupunun sədr müavini Vaqif Şahsuvarov və bir çox rəsmi şəxslər dəvət edilib.

Qeyd edək ki, Şəmsəddin bəyin çəkdiyi portretlərə “Naxçıvanlılar” qrupunun xeyirxah qrup üzvləri dəstək olub. 

Sonra tədbir iştirakçıları tərəfindən şəhidlərimizə həsr olunmuş videoçarx izlənilib.
Sonda muxtar respublikanın tanınmış rəssamlarının işlədikləri şəhid portretləri onların ailə üzvlərinə təqdim edilib.

Əlaqəli xəbər

Back to top button