Siyasət

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində bir qrup Vətən müharibəsi şəhidinin ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilib – FOTO

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş anım tədbirində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Naxçıvan Muxtar Respublikasında hərbi xidmət keçmiş, oradan Vətən müharibəsinə yollanaraq döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş bir qrup vətən övladının ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilib.

Tədbirdə daimi nümayəndəliyin kollektivi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, şəhidlərin ailə üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi, Vətənimizin ərazi bütövlüyü uğrunda rəşadət və şücaət göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək bildirib ki, ötən il böyük Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra Azərbaycan Respublikası Prezidentinin respublikamızda Anım Gününün təsis edilməsi haqqında 2020-ci il 2 dekabr tarixli Sərəncamı qədirbilən xalqımız tərəfindən əziz şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi kimi dərin minnətdarlıqla qarşılanıb. Bu il ilk dəfə Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş insanlara-əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi Azərbaycanda Anım Günü kimi qeyd edilir. Hazırda ölkəmizin hər yerində şəhidlərimizin əziz xatirəsinə abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, onlara həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları, parklar salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda şəhid məzarları ziyarət olunur. Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə daim əlaqə saxlanılır, onların qayğıları ilə maraqlanılır, problemlərin müsbət həlli üçün bütün imkanlardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən dövlət tədbirləri Naxçıvanda ləyaqətlə icra olunur, şəhid ailələri və qazilər mənzillərlə, avtomobillərlə təmin edilir, müalicəyə və sosial təminata ehtiyac duyan şəhid ailələrinin, qazilərin muxtar respublikada tibbi və sosial təminatı layiqincə həyata keçirilir. Bildirilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

“Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir”, – deyən Bəxtiyar Əsgərov ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan da danışıb, Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Silahlı qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoyub. Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Milli Ordusu tarixi Qələbə ilə Azərbaycan tarixində yeni səhifə yazıb. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, səmərəli hərbi strategiyanın və ordumuzun gücü 44 günlük Vətən müharibəsində düşməni təslimçiliyə məcbur etdi. Bütün dünya Azərbaycanın qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına əldə edilmiş şanlı qələbəsinin şahidi oldu. Bütövlükdə hərbi əməliyyatlarla Ordumuz 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizlədi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa və digər torpaqları qaytarmağa məcbur edildi. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi. Bu tarixi Zəfər İkinci Dünya müharibəsindən sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və ədalətli qələbədir. Bu, əslində, haqqın qələbəsi idi. Bu Zəfər Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad olunmasını təmin etdi. Bir milyona yaxın Azərbaycan vətəndaşının uzunillik Vətən, torpaq həsrətinə və nisgilinə son qoydu. Bu gün Cənubi Qafqazın ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, silahlı qüvvələrdə aparılan islahatlar və bunun nəticəsində baş verən keyfiyyət dəyişiklikləri Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsidir. Məhz xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, xalq və ordu birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin dediyi kimi: “Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik”.

Tarix boyu Azərbaycanı cani-könüldən dəstəkləyən qardaş Türkiyə Qarabağ müharibəsi başlayan gündən indiyədək bütün sahələrdə birmənalı şəkildə Azərbaycanın yanında olub. Dost ölkələr müharibənin gedişində Azərbaycana mənəvi dəstək nümayiş etdirdilər. Türkiyə, Pakistan, İsrail, Ukrayna və digər ölkələr Ermənistanın işğalçı mövqeyini qəti şəkildə pisləyərək, Azərbaycanın ərazi bütövlüyünü hər zaman olduğu kimi, bu dəfə də dəstəklədilər. Azərbaycan Vətən müharibəsində, əslində, bütün dünyaya həm də öz gücünü nümayiş etdirdi. Vaxtilə haqsız siyasət yürüdən, ermənipərəst mövqe tutan dövlətlər Azərbaycan Ordusunun rəşadətini görməzdən gələ bilmədi. Çünki bizim savaşımız haqq davası idi. Biz kimsənin torpağına göz dikmirdik, kimsənin torpağında gözümüz yox idi. Biz öz torpaqlarımızın azadlığı uğrunda ölməyə hazır idik və öldük də, şəhidlər kimi. Prezident İlham Əliyevin dediyi kimi, erməni əsgərindən fərqli olaraq, Azərbaycan əsgəri məğrur və qorxmazdır. Bizim əsgərimiz heç zaman qocaya, qadına və uşağa silah tutmaz. Vətən müharibəsi, həm də uzaqmənzilli raketlərlə dinc əhalimizin yaşadığı Bərdəni, Gəncəni və Tərtəri bombalayan rəsmi İrəvanın siyasətinin terrorçu mahiyyətini bütün dünyaya açıb göstərdi. Bu gün bütün dünya ermənilərin Qarabağda törətdikləri maddi və mənəvi soyqırımına şahidlik edir. Yandırılmış, dağıdılmış məscidlərimiz, qəbirlərimiz, təhqir olunmuş müqəddəs məkanlarımız, talan edilmiş yurd yerlərimiz buna bariz nümunədir. Ermənistan bu müharibədən sona da öz çirkin siyasətindən əl çəkmək istəmir, mina xəritələrinin təhvil verilməsindən boyun qaçırır.

Bəxtiyar Əsgərov əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Artıq bu bölgədə “ağıllı kənd” layihəsi, Qarabağın ən qədim şəhəri olan Ağdamın yeni Baş Plan layihəsi öz təsdiqini tapıb. Şükürlər olsun ki, Qarabağ torpağında Azan səsi ucalır, Cıdır düzündə muğam ifa edilir. Düşmənə göz dağı olan “Xarıbülbül” festivalı ilə Azərbaycan dünyaya Qarabağın qədim, əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etdi. Bu xoş günləri, bu duyğulu qürurverici anları Azərbaycan xalqına bəxş edən şanlı Azərbaycan Ordusuna, onun qəhrəmanlarına, ürəyimizdə daim yaşayacaq şəhidlərimizin əziz ruhuna “Eşq olsun!” deyirik.

Daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi bir neçə adda orden və medallar təsis edib. Bu orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının birbaşa təzahürüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək, qəhrəmanlıq göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən, döyüş tapşırıqlarını uğurla icra edən silahlı qüvvələrin minlərlə hərbi qulluqçusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Torpaqlarımızın azad olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində, xüsusilə, qeyrət qalamız olan Şuşamızın azad olunmasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, Xüsusi Təyinatlıları və Naxçıvandan olan könüllülər də yaxından iştirak edib, şəhid və qazi olublar. Odur ki, Naxçıvandan olan, illərdir blokada şəraitində bu ədalətsiz işğalın ağrısını, acısını yaşayan Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətləri də yüksək qiymətləndirilib, onlar Müzəffər Ali Baş Komandan tərəfindən orden və medallarla təltif edilib.

Sonda daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları ilə birlikdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş şəhidlərin orden və medallarını onların ailə üzvlərinə təqdim edib.

Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları adından çıxış edən şəhid gizir Vüsal Mehdi oğlu Tahirovun anası Rəsmiyyə Tahirova övladlarının qəhrəmanlığına verilən yüksək qiymətə və onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova sonsuz minnətdarlıqlarını bildirib.

Qələbə sevincini və qürurunu xalqımıza yaşadan qəhrəmanlarımızın hər zaman ürəklərdə yaşayacağını, heç zaman unudulmayacağını qeyd edən Bəxtiyar Əsgərov şəhidlərin ailə üzvlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə ürəkdən təşəkkür edib, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətimizə, həm də ailələrinə başucalığı gətirdiyini qürurla vurğulayıb, bir daha, şəhidlərə uca Allahdan rəhmət, ailələrinə sonsuz səbir, qazilərə isə şəfa diləyib.

Əlaqəli xəbər

Back to top button