Nigeriyanın şimal-şərqində silahlı quldur dəstəsinin məktəbə hücumu nəticəsində biri məktəbli olmaqla 13 nəfər ölüb.
“QİA.az” xəbər verir ki, məlumatı yerli “Dailytrust” portalı yayıb.
Bildirilib ki, motoskletli silahlılar Nigeriyanın Zamfara əyalətinin Damaqa şəhərində dövlət məktəblərindən birinə hücum ediblər. Məktəblilərdən biri hadisə yerində ölüb, qalan şagirdlər sinfi tərk edərək qaçıblar. Məktəbə hücumdan sonra silahlılar şəhər küçələrində nizamsız atəş açıblar və nəticədə 12 nəfəri öldürüblər.
Hakimiyyət silahlı dəstənin məhv edilməsi istiqamətində axtarış-əməliyyat tədbiri keçirib.
Məlumata görə, silahlıların məktəbə hücum etməkdə məqsədi şagirdləri girov götürmək, onların sərbəst buraxılması qarşılığında qohumalarından pul tələb etmək olub.
Bu il fevralın 26-da Zamfara əyalətinin Canqebe şəhərindəki qızların internat-məktəbindən 279 məktəbli oğurlanmışdı. Danışıqlardan sonra martın 2-də onlar sərbəst buraxılmışdı.
Nigeriyanın prezidenti Məhəmməd Buxari bu həftə məktəblərin mühafizəsinin gücləndirilməsi barədə tapşırıq verib.
QİA.az