Postmüharibə dövründə insan hüquqları və ya bu sahədə Azərbaycan nümunəsi

Noy24,2021

Yaşamaq hər bir insana Tanrı tərəfindən verilən təbii hüququdur.  İnsan həyatını qorumaq və bu hüququ təmin etmək isə dövlət tərəfindən təmin edilir.

Dünya birliyində özünə layiq yer tutmaq istəyən hər bir dövlət ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquq və azadlıqlarının hərtərəfli qorunmasını təmin etməlidir. Bu birmənalı şəkildə qəbul edilən haldır. Bu həm də ölkənin demokratik dövlət olduğunu təsdiq edən amildir. Deməli, hər bir müasir demokratik dövlət günümüzdə vətəndaşların öz hüquqlarını sərbəst şəkildə və məhdudiyyət qoyulmadan həyata keçirilməsi üçün şərait yaradır. Min illik dövlətçilik ənənəsinə malik olan Azərbaycanda da insan hüquqlarının müdafiəsi, sağlam, bərabər tamhüquqlu cəmiyyətin yaradılması daim diqqət mərkəzində olub. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olandan sonra bu sahədə aparılan islahatlar məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edib.  Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə  bu gün, yəni iyunun 18-i ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd edilir.

Azərbaycan ərazisində insan hüquqlarının pozulması daha çox Ermənistanın təcavüzü ilə bağlıdır. Belə ki, 1990-cı illərdən başlayaraq Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı öz ata-baba torpaqlarından qovulub, mülkləri əlindən alınıb, qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olub, şəhid düşüb. Dünya birliyi bu ədalətsizliyə sussa da, Azərbaycan dövləti həmişə olduğu kimi öz vətəndaşlarına sahib çıxıb və onların yaşamaq hüquqlarını qoruyub.

Hamımız üçün qürurverici 44-günlük Vətən müharibəsi artıq zəfərlə başa çatıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqları yenidən geri qaytarıb. Təbii ki, bu addımın özü elə insan hüquqlarının, yəni bir milyondan artıq azərbaycanlının yenidən doğulduğu yurda, kəndə, şəhərə dönməsinin təmin edilməsi deməkdir. Müharibə heç kim tərəfindən yaxşı qəbul edilməsə də bəzən vətəndaşların hüququ və yaşaması naminə atılan bu addım ədalət naminədirsə, ona haqq qazandırmaq olar. Ermənistan ordusunun törətdiyi vəhşilik, dağıdıcı fəaliyyət nəticəsində işğal altında olan ərazlərimizdə bütün infrastruktur tamamilə məhv edilib. Amma yenə də vətəndaşın yanında olan dövlətimiz azad etdiyi bu əraziləri yenidən qurmaqla vətəndaşlazımızın burada yaşaması və işləməsi üçün ən yüksək səviyyədə şərait yaradır.

Hamı üçün yaxşı məlumdur ki, hər bir vətəndaşın prezidenti olan ölkə başçısı cənab İlham Əliyev postmüharibə dövründə insanların hüquqlarının müdafiəsi üçün bir sıra qərarlar və sərəncamlar imzalayıb. Bu addımların sırasında şəhid ailələrinin və qazilərimizin sosial-məişət qayğılarının həll olunması, onların sağlamlığının bərpası mühüm məsələ kimi dayanır. Müharibədən sonra Azərbaycanda şəhidlərin  ailə  üzvləri, qazilər, ermənilər törətdikləri terrorun qurbanı olan, ziyan görən ümumilikdə 33 min şəxsə sosial dəstək göstərilib. Onlara 40 mindən artıq xidmət göstərilib. Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin bununla bağlı yaydığı məlumatdakı faktlar diqqəti çəkir: “Ötən bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Vətən müharibəsi qazilərindən isə artıq 2165 nəfər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlərin təyinatı aparılıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə artırılıb: şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə əlilləri üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata çatdırılıb. Eyni zamanda, yeni təqaüd növü təsis edilməklə, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə isə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri geniş vüsət almaqla, bu kateqoriyalardan olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslərin və 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, müharibə əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub”.

  Müharibənin fəsadları və döyüşən əsgərlərimizin bu müharibədə, hüquqlarının qorunması, aldığı travmaları aradan qaldırmaq üçün bir sıra institutlar, qurumlar fəaliyyət göstərir. Bu qurumların içərisində diqqəti çəkən təsisatlardan biri də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatıdır. Qurum vətəndaşlarımızın hüquqlarının müdafiəsi üçün istər 44 gülük müharibənin gedişində, istərsə də  müharibədən sonrakı – postmüharibə dövründə də öz fəallığı ilə seçilir. Müharibə başlayan gün Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı, eyni zamanda müharibədə dinc sakinlərin hədəfə alınması, cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər ərazilərimizə atılan mərmilərin nəticəsində mülki şəxslərin həlak olması, dağıntılar,  maddi tələfatla bağlı  bəyanatlar verən Ombudsman Aparatı bunların araşdırılması üçün mütəmadi çağırışlar edirdi. Dünya ictimaiyyətinin diqqətini bu məsləyə  yönəldirdi. Bu məsələlər yalnız müharibə dövründə deyil, ondan sonrakı vaxtlarda da gündəmə gətirilib və Ermənistan tərəfdən vətəndaşlarımızın hüquqlarının kobud şəkildə pozulması qəti şəkildə pislənib.

Bundan başqa, Azərbaycan ordusunda xidmət edərək şəhid və qazi olan əsgər və zabitlərimizin ailələri də qurumun rəhbəri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva tərəfindən daim diqqətdə saxlanıb. Onlarla mütəmadi olaraq görüşən Ombudsman qazi və şəhid ailələrinin hüquqlarının müdafiəsinin dövlətimizin daim diqqətində olduğunu bir daha nümayiş etdirib.

Bütün bu addımlar onu göstərir ki, Azərbaycan 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 10-da qələbə ilə nəticələnən Vətən müharibəsində təkcə torpaqları işğaldan azad etməyib, o, həmçinin vətəndaşların 30 il ərzində pozulmuş hüquqlarını da bərpa edib.

O da danılmaz faktdır ki, Azərbaycan tolerant və demokratik bir ölkədir. Bunu ölkə başçımız cənab İlham Əliyev dəfələrdə beynəlxalq səviyyədə sübut edib. Postmüharibə dövründə bu prinsiplər yenə də davam edir. Azərbaycan Respublikası Prezidentinin ölkə ərazisində, Qarabağda, işğaldan azad edilən torpaqlarda yaşayan erməni vətəndaşlarına da qanunlara tabe olaraq digər vətəndaşlar kimi hüquqlardan istifadə etmək üçün çağırışı buna bir daha bariz nümunədir. Azərbaycan dövləti üçün təkcə öz vətəndaşı deyil, insan olan hər bir canlı yaşamaq, var olmaq və ona verilən təbii hüquqlardan istifadə etmək haqqına sahibdir.

Səməd Canbaxşiyev    

Yazı Ombudsmanın 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” şüarı altında elan etdiyi ənənəvi jurnalist yazıları müsabiqəsinə təqdim olunur.

Oxşar Xəbərlər