Azərbaycanı Avrasiyanın nəqliyyat habına çeviririk.
QİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Bu, asan iş deyil, çünki bizim açıq dənizə çıxışımız yoxdur. Biz, birinci növbədə, qonşularımızla yaxşı münasibətlərdə olmalıyıq. Çünki bu münasibətlər olmadan heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz. Bu imkanı yaxşı regional əməkdaşlıq mühiti, üstəgəl nəqliyyat infrastrukturuna investisiya yaratdı. Lakin bu, asan deyildi, çünki biz çoxlu sərmayə yatırmalı idik. Bu gün, məsələn, Azərbaycanda bizim altı beynəlxalq hava limanımız var və azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanımız var. Birinin açılışı artıq olub, ikisi də olacaq. Biz ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemini şaxələndirdik. Bizim müasir magistral yollarımız var. Yeri gəlmişkən, Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Beləliklə, bu, artıq baş verir. Biz artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilmişik. Çin də öz mallarını Avropa məkanlarına daşıyır. Üstəgəl, əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün imkan var. O, Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Üstəgəl biz Bakının yaxınlığında Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal çalışırıq. Bu zona gələn il fəaliyyətdə olacaq. Ümid edirik ki, bu coğrafi mövqe, artıq şaxələnmiş nəqliyyat şəbəkəsi bizə orada çalışmağa üstünlük verən investorları cəlb etməyə kömək edəcək. Beləliklə, nəqliyyat sektoru enerji sektorundan sonra aparıcı sektorlardan biri olacaq və bu komponentə yatırılmış investisiyalar, əlbəttə ki, çoxlu mənfəət gətirir. Mən üstəlik Xəzər dənizində ən böyük ticarət limanının açılışını qeyd edərdim. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Gəmiqayırma zavodunun tikintisi. Biz artıq özümüzü bütün növ yük gəmiləri, tanker və bərələrlə təmin edirik. Beləliklə, bu, həqiqətən də böyük aktivdir. Üstəgəl sizin qeyd etdiyiniz kimi, Azərbaycandakı sabitlik, etibarlılıq. Çünki biz heç vaxt heç bir müqaviləni pozmuruq, müqavilədə olan hətta bir sözü belə pozmuruq. Odur ki, bizim tərəfdaşlar bizə etibar edir və bütün qonşularımızla yaxşı münasibətlərimiz var. Əlavə olaraq, ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq, dünən baş nazir Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz kimi. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq. Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedəcək. Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər”.