Xocalı soyqırımı törədiləndə dünya susmuşdu.
QİA.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
“Bunun səbəblərindən biri yəqin o idi ki, o vaxt məlumat qıtlığı var idi. Müharibə ilə bağlı məlumat birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz bir vəziyyətdə idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır – səriştəsiz idarəçilik, böhranlı vəziyyət, orduda nizam–intizamın olmaması. Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Bütün eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Bu, bir səbəb idi. Digər səbəb o idi ki, dünya bunu görmək istəmirdi, çünki bu, – biz bunu sonra anladıq, – müəyyən dərəcədə mövcud stereotiplərin əleyhinə olan bir mənzərə idi. Çünki birinci Qarabağ müharibəsi başlayanda demək olar əksər ölkələrdə belə bir təsəvvür var idi ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu. Ancaq xalqların öz müqəddəratını təyinetmə məsələsi ön plana çıxmışdı. Halbuki heç kim sual vermirdi ki, axı erməni xalqı öz müqəddəratını müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var. Nə üçün tarixi Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmalıdır. Heç kim buna cavab verə bilmədi. Ona görə bu stereotiplər uzun illər davam etdi. Uzun illər ərzində bizə qarşı ədalətsizlik tətbiq olunurdu. Baxın, Sovetlər Birliyi dağılandan sonra Amerika Konqresi azadlığa dəstək aktı qəbul etmişdi. Bu qanun bütün keçmiş müttəfiq respublikalara yardım məqsədilə qəbul edilmişdi. Azərbaycanı oradan çıxardılar. Kim çıxardı? Erməni lobbisinin nümayəndələri. Onların bir çoxu indi də yüksək vəzifələrdədir. Səbəb o idi ki, guya Azərbaycan Ermənistanı blokadaya alıb. Necə almışıq ki, bizim torpaqlarımız işğal altına düşüb?! Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu. Bu günə qədər o sanksiya hələ də qüvvədədir. Onun nömrəsi də var – 907-ci düzəliş. Azadlığa dəstək aktının 907-ci düzəlişi bizə sanksiyalar tətbiq edir. Bu qədər ədalətsizlik ola bilərmi? Sadəcə olaraq, o vaxt hakimiyyətdə olanlar buna qarşı heç bir addım ata bilmədilər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq. Sizin bu gün Azərbaycanda olmağınız, bizim sözümüzü dünyaya çatdırmağınız, əlbəttə ki, haqq-ədalətin bərqərar olmasına böyük töhfə verir”.