İyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.

Elxeber.com xəbər verir ki, Tatarıstan Respublikasının Rəisini salamlayan Prezident İlham Əliyev deyib:

-Hörmətli Rüstəm Nurqaliyeviç, bir daha xoş gəlmisiniz. Mən yeni görüşümüzə çox şadam. Əlbəttə, bu gün birgə Mərkəzin açılışı əlamətdar hadisədir. Lakin daha vacibi bizim sizinlə ünsiyyətimizdir. Mən bizim həm Kazanda, həm də Bakıda görüşlərimizi məmnuniyyətlə yada salıram. Şadam ki, Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, – bu, qardaş Tatarıstanın obyektidir, – icra olunur. Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq.

Biz burada məsləhətləşmələrə gələn və sonrakı planlar üzrə qərar qəbul edən nümayəndə heyəti ilə artıq fikir mübadiləsi aparmışıq. Əlbəttə, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıq da çox vacib sahədir. Tatarıstan və Azərbaycan xalqları əsrlərboyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir.

Beləliklə, bir daha xoş gəlmisiniz. Sizə burada – həm Cəbrayılda və Zəngilanda, həm də sabah Bakıda xoş səfər arzulayıram.

x x x

Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib:

-Hörmətli İlham Heydər oğlu, hər şeydən əvvəl gözəl ölkədə olmaq imkanına, Sizin dəvətinizə görə təşəkkür etmək və əlbəttə, Sizə – Azərbaycan Prezidentinə və bizim Prezidentə minnətdarlığımı bildirmək istərdim. Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk.

Tatarlara və azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq. Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar.

Oxşar Xəbərlər