Energetika

Qətər dünyanın ən böyük LNG layihəsini inşa edəcək

Qətərin dövlət neft- qaz şirkəti olan “Qatar Petroleum” (QP) dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) layihəsinin inşa etdirilməsi üzrə yekun investisiya qərarını verib.

“QİA.AZ” QP-nin yaydığı bəyanata əsasən xəbər verir ki, Şimal yatağının şərq hissəsində (NFE) reallaşdırılacaq layihə sayəsində ölkənin LNG istehsalı gücü illik 77 milyon tondan ildə 110 milyon tona qədər, yəni təxminən 43% artıracaq.

Hasilatın 2025-ci ilin dördüncü rübündə başlayacağı və gündəlik təxminən 1,4 milyon barel neft ekvivalenti təşkil edəcəyi gözlənilir. Layihə çərçivəsində LNG-dən əlavə, kondensat, mayeləşdirilmiş neft qazı (LPG), etan, kükürd və helium da istehsal ediləcək.

Həmçinin vurğulanıb ki, 28,75 milyard ABŞ dolları dəyərində qiymətləndirilən NFE layihəsindən sonra Qətər Şimal yatağının cənub hissəsində (NFS) də layihənin icrasına başlamağı və bununla 2027-ci ilə qədər istehsal gücünü illik 110 milyondan 126 milyon tona çatdırmağı planlaşdırır.

Qeyd edək ki, Qətər dünyanın lider LNG istehsalçısıdır. QP isə Qətərin neft sektorunun bütün qollarına – axtarış, hasilat, təmizlənmə, nəql və saxlamaya nəzarət edir.

Əlaqəli xəbər

Back to top button