Martın 18-də Milli Məclisin Sədri Sahibə Qafarova Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
Milli Məclisdən QİA.AZ-a bildirilib ki, Sədr qonağı salamlayaraq, xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Bildirilib ki, ölkələrimiz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər nəticəsində son illərdə Azərbaycan və Belarus siyasi, iqtisadi sahələrdə fəal əməkdaşlıq həyata keçirib və ötən il pandemiya şəraitinə baxmayaraq, birgə əməkdaşlıq sahəsində müsbət nəticələr əldə olunub.
Qeyd olunub ki, siyasi və iqtisadi sahələrdəki bu sıx əməkdaşlıq humanitar sahədə də əlaqələrin genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Bu cür əlaqələr xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Söhbətdə Sədr bildirib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlərimiz də öz töhfəsini vekməkdədir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq qurumlarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Görüşdə Sahibə Qafarova 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın öz torpaqlarını erməni qəsbkarlarından azad edərək, 30 illik işğala son qoyduğunu deyib. Milli Məclisin Sədri problemin həllində Belarusun hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini söyləyib. Qeyd edilib ki, dövlət başçıları arasındakı dostluq münasibətləri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına da təsir edir.
Qonaq bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Nümayəndə heyətlərinin səfərləri əlaqələrin genişlənməsi və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir.
Səfir Vətən müharibəsində Azərbaycanın azad etdiyi ərazilərdəki vəziyyətlə yaxından tanış olduğunu, ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha qeyd edib.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında danışılıb.