Gündəm

Silahlı Qüvvələr Günü “İrəli” gəncləri tərəfindən bir sıra tədbirlərlə qeyd olunub

Movavi

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “İrəli” İctimai Birliyinin üzvləri iyunun 22 və 23-də Milli Azərbaycan Tarixi Muzeyinin “Anadır arzulara hər zaman Qarabağ” sərgisində iştirak ediblər. Gənclər muzeydə sərgilənən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan həmvətənlərimizə məxsus geyim, xatirə əşyaları, sənədlər və fotolarla tanış olublar.

Bu barədə “QİA.az”a Birlikdən məlumat verilib.

Silsilə tədbirlər çərçivəsində “İrəli” gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası da təşkil olunub. Ekskursiyada iştirak edən 30-dan çox gənc Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olublar.
24 iyun tarixində isə “İrəli” İctimai Birliyinin ofisində birliyin nəzdində fəaliyyət göstərən Tarix Mərkəzinin təşkilatçılığı ilə gənclər üçün “Zəfər naminə” adlı hibrid seminar keçirilib. Seminar mövcud pandemiya şəraitinin sanitar-gigiyenik tələbləri gözlənilməklə həm ənənəvi, həm də “Zoom” platforması üzərindən onlayn formada təşkil edilib.
Görüşdə Azərbaycan Ordusunun polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi və möhtəşəm “Zəfər” Paradlarının ssenari müəllifi və aparıcısı, əməkdar incəsənət xadimi Abdulla Qurbani gənclərin qonağı olub.
İnteraktiv keçən seminarda gənclər əvvəlcə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini yad ediblər. Daha sonra polkovnik A.Qurbani Azərbaycan ordusunun təşəkkül tarixindən söz açıb, Ulu Öndər Heydər Əliyevin hələ sovet dönəmindən başlayaraq milli ordu quruculuğu istiqamətində həyata keçirdiyi dahiyanə siyasətinin incəlikləri və bu siyasətin bugünkü Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı tarixi zəfərin cənab Prezidentin uğurlu siyasətinin, xalqımızın və ordumuzun gücü, birliyinin sübutu olduğunu vurğulayıb.
Bu gün Azərbaycan Ordusu 90-cı illərin pərakəndə qüvvəsi yox, nizamlı və dünyanın ən güclü, ən yüksək döyüş qabiliyyətli ordularındandır. Polkovnik bildirib ki, XXI əsrin müharibəsini aparan Azərbaycan oğullarının elə təkcə Şuşa zəfəri dünya hərb tarixinə misilsiz səhifələrdən biri kimi həkk olundu. Xüsusi olaraq vurğulandı ki, üzərində gəzdiyimiz hər qarış Vətən torpağı şəhid qanları ilə yoğurulub. Bu gün ordu və xalq birliyi özünü düşmənin başını əzən “dəmir yumruq”da təcəssüm etdirir.
Gənclərin sualları ətrafında davam edən seminarın sonunda qonaq “İrəli” İB-nin sədri, Vətən müharibəsinin iştirakçısı Şahin Rəhmanlıya müəllifi olduğu “Vətən Müharibəsi Şəhidləri” çoxcildliyinin yenicə çapdan çıxan birinci cildini və əfsanəvi general Həzi Aslanovun həyatına həsr edilmiş unikal sənədli film seriyasını təqdim edib.
Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə bağlı “İrəli” İB-nin “İntellektual” mərkəzi tərəfindən “İrəli əmri” adlı intellektual oyun da təşkil edilib. “Nə?, Harada?, Nə zaman?” formatında keçirilən yarışda 4 komanda qələbə uğrunda mübarizə aparıb. İntellektual turnirin sualları əlamətdar günə uyğun olaraq, əsasən hərbi mövzularda olub.
Birliyin “İdman” mərkəzi tərəfindən açıq hava şəraitində, oflayn formatda atıcılıq turniri baş tutub. Turnirdə gənclər 2 nəfərlik komandalar halında birincilik uğrunda mübarizə aparıblar. Sonda qaliblər şəhadətnamə və müxtəlif hədiyyələrlə təltif ediliblər.
İyunun 26-da “İrəli” İctimai Birliyinin üzvləri ikinci Fəxri Xiyabana gedərək, Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən igid əsgər və zabitlərimizin məzarlarını ziyarət ediblər.
Qeyd edək ki, 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində “İrəli” üzvləri Şahbazov Xəyyam (Şuşa şəhəri, Qubadlı, Xocavənd rayonlarının azad olunmasına görə), Məmişov Rəşad (Suqovuşanın azad olunmasına görə) və Məcidli Orxan (Hərbi Xidmətlərə Görə, Şuşa şəhəri, Cəbrayıl rayonlarının işğaldan azad olunmasına görə) Vətən müharibəsində göstərdikləri igidliyə görə şanlı qələbəmizin memarı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təltif olunublar.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button