Siyasət

SOCAR-ın prezidenti Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edib

Movavi

Rövnəq Abdullayev enerji keçidi dövrünün çağırışları və Azərbaycanın neft-qaz sənayesinin perspektivləri haqqında danışıb.

QİA.AZ-ın məlumatına görə, Peterburq beynəlxalq iqtisadi forumunun Energetika panelində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın neft-qaz sənayesinin enerji keçidi dövründə perspektivləri haqqında danışıb. SOCAR-ın prezidenti qeyd etmişdir ki, Azərbaycan iqlim dəyişikliyi probleminə ciddi yanaşır: bu dəyişikliyin nəticələri göz qabağındadır. Məhz buna görə 2016-cı ilin aprelində Azərbaycan Paris sazişini imzalamış, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazlarının atmosferə atılmasının 35% azaldılması ilə bağlı öhdəlik götürmüşdür. Bu günə kimi 30% azalmaya nail olunub.

Rövnəq Abdullayev vurğulamışdır ki, Azərbaycan dünya enerji bazarı ilə strateji tərfdaşdır: “Hazırda AB-nin idxal etdiyi neftin 4%-i ölkəmizin payına düşür. Biz ildə 40 milyard kubmetr qaz hasil etməklə yanaşı həm Azərbaycanda, həm də xaricdə qazlaşdırma üzrə böyük miqyaslı layihələr həyata keçiririk. SOCAR 2005-ci ildən etibarən Azərbaycanda qazlaşdırmanın səviyyəsi 55%-dən 96%-ə, Gürcüstanda 40%-dən 82%-ə çatdırıb. Bununla da milyon tonlarla mazutun yandırılmasının qarşısı alınıb.

Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə Cənub-Şərqi Avropaya, o cümlədən hələ də enerji daşıyıcısı kimi kömürdən istifadə edən ölkələrə qazın ixracına başlanılıb. Təmiz iqtisadiyyata keçid dövründə təbii qazdan istifadə hələ labüd görünür. Əlbəttə, biz yaxşı başa düşürük ki, zaman keçdikcə ənənəvi enerji mənbələrin tələbat azalacaq. Lakin bu bir anda baş verməyəcək”.

SOCAR-ın prezidenti keçid dövründə bütün dəyər zənciri boyunca enerji effektivliyini yüksəltməklə istixana qazların emissiyasını azaltmağın əhəmiyyətini vurğulayıb. Nümunə üçün SOCAR tərəfindən 2022-ci ilədək səmt qazının atmosferə atılmasının tam dayandırılmasına nail olmaq üçün həyata keçirilən və BMT-nin xüsusi mükafatına layiq görülmüş tədbirləri, həmçinin karbon qazının tutulması və boşalmış neft-qaz laylarına vurulması, eləcə də perspektivdə yaşıl hidrogen istehsalı və Cənub Qaz Dəhlizi ilə nəql layihələrini göstərmişdir.

Rövnəq Abdullayev vurğulamışdır ki, SOCAR ardıcıl olaraq öz biznesini şaxələndirməklə az karbohidrogenli istiqamətlərə doğru hərəkət edir və gələcəkdə bu vektoru davam etdirmək əzmindədir. Bu isə SOCAR-a transformasiya olunmağa və yeni şərtlər altında rəqabətə davamlılığını qoruyub saxlamağa imkan verəcək.

Peterburq beynəlxalq iqtisadi forumu 1997-ci ildən etibarən təşkil olunur və son onilliklərdə dünyanın aparıcı biznes nümayəndələrinin iştirak etdiyi nüfuzlu müzakirə platformasına çevrilib. Bu il Peterburq beynəlxalq iqtisadi forumu 2-5 iyun tarixlərində keçirilir. Forum proqramının əsas mövzuları dünya və Rusiya iqtisadiyyatı, sosial məsələlər və texnologiyaların təşkili ilə bağlıdır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button