Qarabağ münaqişəsiManşetŞəhidlərimiz

Son nəfəsində bayrağı ovcunda sıxıb saxlayan şəhidimiz

Movavi

Vətən doğma diyar, ana yurd, ata-babaların bizə əmanəti, tariximiz, ənənəmiz, azadlığımız, ayaq basdığımız torpaq, and yerimizdir. Şəhidliksə Allahın nəsib etdiyi ömür payını yurd sevgisinə qurban vermək deməkdir.


İsmayıl da bir Vətən, yurd sevdalısı idi və “Vətən məni çağırır”, deyib bir an düşünmədən darda olan Vətənin harayına yetişdi.

Söhbət tağım komandiri, Baş leytenant Vəliyev İsmayıl Mehman oğlundan gedir – dostları ilə birlikdə 5 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan, Vətən sevdalısı İsmayıldan.
Qərəhrəmanımızın evlərində olduq. Atası Mehmanla şəhidimizin haqqında,onun döyüş yolundan danışdıq.
Naxçıvan şəhərində anadan olan İsmayıl 15 nömrəli tam orta məkyəbdə 8-ci sinifə kimi təhsil alıb. Vətəninin qəhrəman ruhlu igidi təhsilini Heydər Əliyev adına Naxçıvan Hərbi liseyində davam etdirib. Buranı müvəffəqiyyətlə bitirən İsmayıl Bakı Ali Hərbi Məktəbin məzunu olub. Leytenant rütbəsi ilə işə başlayan İsmayılın Vətənə nümunəvi xidməti diqqətdən kənarda qalmır. Cəmi 24 yaşı olsada, 2020-ci iyul döyüşlərindən sonra Baş leytenant rütbəsinə yüksəlir.
Vətən müharibəsi başlayanda isə Beyləqan istiqamətindən döyüşlərə qatılır və tankınla Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində gedən ağır döyüşlərdə düşmən mövqelərini darmadağın edir. Quru qoşunları tərkibində Zəngilana qədər irəliləyən və doğma Zəngilana daxil olan ilk tankçılardan biri olub İsmayıl.
Qəhrəman olmaq alnına yazılmışdı. Atdığı hər bir mərminin üzərinə “Mübariz”, “Polad”, “Vətən”, “Naxçıvan” sözlərini yazıb, düşmənə meydan oxuyurdu. Elə buna görə də ermənilərin qorxunc kabusuna çevrilmişdi. Düşnən nəyin bahasına olursa olsun İsmayılın tankını vurmağı qarşısına məqsəd qoymuşdu.
Atası Mehman söhbətimiz əsnasında bildirdi ki, bir neçə gün olardı ki, yuxusuz idi İsmayıl. “12 tankla döyüşlərə qatılan tank komandiri komandanlığın təkidinə baxmayaraq o, dincəlməyə yox, “Vətən sağ olsun!” – deyib, növbəti döyüş tapşırığını yerinə yetirməyə yollanır. Düşmənin müdafiə xəttini yarıb döyüş dostları ilə birlikdə Laçının kəndlərinə doğru istiqamət götürür…
Həmin gün ağır döyüşlərdən sonra cəmi 3 tankla Qubadlının və Laçının bir neçə kəndi işğaldan azad olunur, növbəti gün isə İsmayılın tankı yanmış vəziyyətdə Güləbird kəndi yaxınlığından tapılır. Tank komanda heyəti ilə birlikdə yanmışdı… İsmayıl canı qədər sevdiyi bayrağı yanıb qaralmış ovcunda elə bərk-bərk sıxmışdı ki”…

Valideyin üçün bu sözləri demək çox ağırdır. Amma qəhrəman oğul yetişdirmək də hər ataya nəsib olmur.
Tağım komandiri, Baş leytenant Vəliyev İsmayıl
hələ uşaq yaşlarından anasını itirmişdi. Ata və Vətən sevgisinə, nəvazişinə sığınmışdı. Onun Vətənə olan sevgisi bir dastana sığmazdı. 8 yaşında anasını itirən qəhrəman 24 yaşında cənnətdə ona qovuşdu.

Sabah İsmayıl kimi hünərli neçə-neçə İsmayıllar dünyaya göz açacaq.
Bu Vətən, bu Torpaq, bu Bayraq Mübarizlərin, Poladların, İsmayılların, daha neçə-neçə igid əsgərlərimizin bizə canları bahasına əmanət qoyub getdiyi VƏTƏNdir, TORPAQdır, BAYRAQdır!
Vətən müharibəsinin 39-cu günündə, 5 noyabrda dostları ilə birlikdə şəhid oldu İsmayıl, 5 gün sonra isə İsmayılın canı qədər sevdiyi üçrəngli bayrağımız Qarabağ səmasında dalğalanmağa başladı…
Son sözü “Vətən sağ olsun!” – olan qəhrəman Şəhidim, qanın Azərbaycan bayrağının qırmızı rənginə qarışıb, indi işğaldan azad etdiyin kəndlərimizdə, şəhərlərimizdə dalğalanır…
Ruhun şad olsun, Şəhidim!!!

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button