Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının yerləşdiyi ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama yayıb.
QİA.AZ xəbər verir ki, birgə açıqlamada deyilir:
“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı birgə təklifləri əsasında qərar layihəsi hazırlanmış və razılaşdırılmaq üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.
Qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları üzrə təhsil almaq istəyən şəxslərin həmin ixtisaslara müvafiq bilik və bacarıqları nəzərə alaraq qeyd olunan ixtisasların II ixtisas qrupundan III ixtisas qrupuna keçirilməsi nəzərdə tutulur. Qərar qəbul olunduğu halda sözügedən dəyişiklik 2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verən abituriyentlərə deyil, 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərə şamil olunacaqdır”.