Xarici investorlar Azərbaycan iqtisadiyyatının vəziyyəti ilə bağlı rəyini açıqlayıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hazırlanmış “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatında bildirilir
Sənədə əsasən, investorların cəmi 2%-i milli iqtisadiyyatın güclü olması qənaətindədir. Rəyi soruşulanların 39%-i iqtisadi vəziyyəti sabit, 34%-i tənəzzüldə olan kimi qiymətləndirib, 25%-i isə müəyyənləşdirə bilmədiyini qeyd edib.
Respondentlərin 55%-i koronavirus pandemiyasının Azərbaycanda biznesə mənfi təsir etdiyini, 25% -i əhəmiyyətli çatışmazlıqlar yaratdığını, 16%-i bu barədə danışmağın tez olduğunu, 4%-i isə ölkənin yeni iqtisadi imkanlara açıq olduğunu bildirib.
Bundan başqa, xarici investorların 73%-i təşviq proqramlarına, 70%-i məhkəmə sisteminə, 67%-i isə vergi sisteminə sərmayə yatırmağın əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, hesabat üçün 32 ölkədə fəaliyyət göstərən 450 şirkətə biznes sorğu göndərilib. Onların 27 %-i Almaniya, 11 %-i Böyük Britaniya, 4 %-i Türkiyə, 7 %-i ABŞ, qalan 51 %-i isə digər ölkələri təmsil edib. Sorğu iştirakçılarının 63 %-ni isə Azərbaycanda biznes fəaliyyəti olan şirkətlər təşkil edib.