Erməni VandalizmiQan YaddaşıQarabağ

Sevinc Fətəliyeva: “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra dövlətləri Xocalı soyqırımını rəsmən tanıyıb”

“Xocalı soyqırımının törədilməsindən  29 il keçsə də, onun vurduğu yaralar hələ də göynəyir və heç zaman unudula bilməz. Qəddarlıq “rəmzinə” çevrilmiş Xocalı soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. Qəsbkarlar tərəfindən Xocalıda törədilmiş soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olmuşdur. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, qondarma “böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi üçün ermənilərin atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillər və soyqırım aktları ilə müşayiət olunub. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dəfələrlə təkrarlandı. Xəstə təfəkkürlərində özlərinin uydurduğu yalan tarixi nəyin bahasına olursa-olsun rellaşdırmağa çalışırdılar. Bu mənfur niyyətin reallaşdırılması yolunda ermənilər azərbaycanlıları kütləvi soyqırımlar, qanlı talanlar və deportasiyaya məruz qoydular. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi amansız, dəhşətli cinayətlər öz miqyası və icra üsulları ilə ağlasığmazdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə yeksan edilib. Dinc əhaliyə amansızlıqla divan tutulub: 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin isə taleyi bu günə kimi məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb.

Təəssüflər olsun ki, bu faciənin ağırlığı ozamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi. Həmin vaxt yüksəkvəzifəli şəxslər XX əsrin ən dəhşətli soyqırımlarından biri olan bu cinayətin miqyasını ört-basdır etməyə çalışır, hətta xalqa doğru-dürüst məlumat verməkdən çəkinirdilər. Bu hadisədən bir müddət sonra hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı da susmağa üstünlük verdi.

Millət vəkilinin sözlərinə görə, Xocalı faciəsi özünün əsl hüquqi-siyasi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.

Deputat qeyd edib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin bərpa olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra dövlətləri Xocalı soyqırımını rəsmən tanıyıb, bu soyqırımını pisləyən qətnamə qəbul ediblər. Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir: “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir”. Vətən bu gün Xocalıda şəhid olanların əziz ruhu qarşısında baş əyərək, azad olmuş əzəli torpaqlarımızın zəfər sorağını verir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı və tarixi ədaləti bərpa etdi. Eyni zamanda qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində tarixi zəfər qazanaraq bütün şəhidlərimizin, Xocalı soyqırımının günahsız qurbanlarının qisasını aldı. Biz Xocalı soyqrımının 29-cu ildönümümü qalib dövlətin nümayəndələri kimi anırıq. Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərsə də, Ermənistanın ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu və Azərbaycan ordusu düşmənə layiqli yerini göstərərək , müzəffər Ordumuzun gücü ilə tarixi ədaləti bərpa etdi. Təkcə döyüş meydanında deyil, eyni zamanda diplomatik siyasi müstəvidə də Azərbaycan düşmənə sarsıdıcı zərbə vurdu. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşdı, vacib beynəlxalq sənədlər qəbul olundu. Dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması qələbəmizi şərtləndirən ən mühüm amillərdəndir”.

S.Fətəliyeva söyləyib ki, dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı: “Məhz aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycan bugünkü qələbəyə nail oldu. Prezident İlham Əliyev hər zaman prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Vətən müharibəsinin gedişində, danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızı cəsarətlə müdafiə etməsi, böyük diplomatik məharəti, dəqiq, məqsədyönlü, ardıcıl siyasət aparması qazanılmış tarixi qələbənin məntiqi nəticəsidir. Cənab Ali Baş Komandan İlham Əliyev, müzəffər Ordumuz xalqımıza şanlı qəhrəmanlıq tarixi bəxş etdi. Bu qələbə nəticəsində Qarabağ savaşının bütün günahsız qurbanlarının ruhu sevindi”.

Əlaqəli xəbər

Back to top button