Gündəm

Yaddaşı gücləndirmək üçün tövsiyə olunan qidalar

Düzgün və sağlam qidalanma zehni qabiliyyətin inkişafına, xüsusən də yaddaşın güclənməsinə bilavasitə təsir göstərir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, ona görə də gündəlik rasionda vitamin və minerallarla zəngin bir sıra qidaların istehlakına üstünlük verilməlidir:

Su. Su insan orqanizmində əhəmiyyətli rola malikdir. Belə ki, metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak etməklə yanaşı, su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa da kömək edir. Su beyinin normal funksiyasının bərpa olunmasında mühüm rol oynayır. Alimlərin qənaətinə görə, beyin toxuması 85 % sudan təşkil olunub. Uzun müddət susuz qaldıqda beyinin məlumat saxlamaq qabiliyyətinə mənfi təsir göstərən kortizol hormonunun ifrazı artır və unutqanlıq, diqqət əskikliyi kimi hallar özünü göstərməyə başlayır. Qeyd edək ki, su itkisinin bərpası ilə yaddaş zəifliyinin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar mövcuddur.

Meyvə-tərəvəz. Meyvə-tərəvəzlər orqanizmin mineral maddələr və vitaminlərlə təmin olunmasında əvəzsiz qida məhsuludur. Təzə meyvə-tərəvəz ilboyu gündəlik qidanın tərkibinə mütləq daxil olmalıdır. Mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakı zehni qabiliyyətin inkişafına, yaddaşın güclənməsinə müsbət təsir göstərir. Xüsusilə də bəzi rəngdə olan meyvə-tərəvəzin istehlakı daha faydalı sayılır. Məsələn, qırmızı çuğundurda olan antosian, badımcana bənövşəyi rəng verən nasunin beyin toxumasının lipidlərini qoruyur. Tünd yaşıl rəngli tərəvəzlərdə olan fol turşusu, eləcə də almanın qabığındakı antioksidantlardan kversetin yaddaş zəifliyinin qarşısını alır.

Balıq. Somon, qızılbalıq, sardina, siyənək kimi balıq növləri daha yüksək qida dəyərinə malikdir. Həmçinin bu balıq növləri Omeqa-3 yağ turşuları və B6 vitamini ilə olduqca zəngindir. Zehni qabiliyyətin inkişafı, yaddaşı gücləndirmək və ya bərpa etmək üçün onların istehlakına daha çox üstünlük verilməlidir. Bu balıq növləri Alzheimer xəstəliyinin inkişaf riskini azaltmaq, yaşla bağlı idrak geriliyinin qarşısını almaq baxımından da faydalıdır.

Yumurta. Zəngin biokimyəvi tərkibə malik olan yumurta qida rasionunda əsas yer tutmalıdır. Xüsusilə də yüksək protein tərkibli olması səbəbindən beyin hüceyrələrinin inkişafında mühüm rol oynayır. Yumurtanın tərkibindəki aminturşuları beyin hüceyrələrini qidalandıraraq yaddaşın güclənməsinə kömək edir.

Çərəzlər və toxumlar. Çərəzlər zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral maddələrə olan tələbatını ödəyir. Beyinin fəaliyyətini yaxşılaşdırmağa, zehni qabiliyyətin inkişafına müsbət təsir etdiyindən istehlakı tövsiyə olunur. Toxumların da istehlakı beyinin işini yaxşılaşdırır, yaddaşın və diqqətin inkişafına kömək edir. Xüsusən də kətan toxumu zehni qabiliyyətin inkişafına faydalı olan ən yaxşı qidalardan biri sayılır. Çünki tərkibi Omeqa-3 yağ turşuları ilə olduqca zəngindir.

Paxlalılar və taxıl. Paxlalıların tərkibi müxtəlif qida maddələri ilə olduqca zəngindir. Paxla, soya, mərci, noxud, yerfıstığı və digər bu tip qidaların müntəzəm istehlakı yaddaş zəifliyinə qarşı xeyirlidir.

Çay. Düzgün dəmlənmiş çayın da faydalı xüsusiyyətləri çoxdur. Son tədqiqatlar göstərir ki, çayın tərkibindəki antioksidant xüsusiyyətli polifenollar dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını zəiflədir, xüsusilə də yaddaşı və idrak qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Çayın tərkibindəki teanin maddəsi isə sakitləşdirici təsirə malikdir.

Adaçayı. Beyinin fəaliyyətinə müsbət təsir edən bitkilərdən biri də adaçayıdır. Bu bitki beyin toxumasındakı biokimyəvi birləşmələrin səviyyəsini optimallaşdırır. Həmçinin beyin hüceyrələrinin bərpasında regenerativ rol oynayır.

Rozmarin (bibəriyyə). Rozmarin beyin yorğunluğuna yaxşı təsir edir. Araşdırmalara görə, antioksidantlar və karnos turşusu ilə zəngin olan rozmarin bitkisi beyinin funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, zehni qabiliyyətin inkişafını 18 %-dək artırır. Hətta sübut olunub ki, ofisdə saxlanan rozmarinin qoxusu çalışanların əhvalını yüksəldir, yorğunluğu aradan qaldırır, həmçinin yaddaşı gücləndirir.

İspanaq. Müxtəlif vitaminlər, antioksidantlar və liflərlə zəngin olan ispanağın istehlakına daha çox üstünlük verilməlidir. İspanaq tərkibindəki faydalı maddələr sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti yaxşılaşdırır, motoriki (hərəki) aktivliyin inkişafına səbəb olur, eləcə də beyin damarlarının zədələnməsinə qarşı orqanizmin müqavimətini artırır.

Yer armudu (topinambur). Yer armudu orqanizm üçün olduqca faydalı bitkidir. Tərkibinin B6 vitamini, karbohidrat və antioksidantlarla zəngin olması baxımından beyinin funksiyasını xeyli yaxşılaşdırır, yaddaşı daha da möhkəm edir.

Otlar və kök sistemləri. Şərq ölkələrində min illərdir ki, ginkgo biloba adlı bitki yaddaş problemlərini müalicə etmək məqsədilə geniş istifadə edilir. Bitki qan dövranının yaxşılaşmasına kömək edir, nəticədə beyin hüceyrələri daha çox oksigen alaraq yaxşı qidalanır.

Sadalanan qidalarla yanaşı, balanslı səhər yeməyi də beyinin işini gücləndirir. Faydalı səhər yeməyi xüsusilə də məktəbyaşlı uşaqların inkişafına və sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir, eləcə də onların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir.

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button