Yevlax KOB evində sosial həssas kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət satış yarmarkası keçirilib
Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 4-də Yevlax KOB evində “Uğurumu özüm qazandım” layihəsinin təqdimatı və sahibkarların əl işlərindən ibarət satış yarmarkası keçirilib.
Qeyd edək ki, “Uğurumu özüm qazandım” layihəsinin məqsədi sosial həssas kateqoriyaya aid olan sahibkarların əl işlərinin sərgisini təşkil etmək və satışına dəstək göstərməkdir. Layihə Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) Ucar-Zərdab KOB İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının texniki dəstəyi çərçivəsində həyata keçirilir. 6 ay davam edəcək layihə çərçivəsində layihədə iştirak edən şəxslərin sahibkarlıq subyektlərinə çevrilməsi üçün Ucar-Zərdab KOB İnkişaf Mərkəzi tərəfindən müvafiq təlim, məsləhət və əlaqələndirmə xidmətləri göstəriləcəkdir.
Yarmarkada 9 rayon və şəhərdən (Ucar, Zərdab, Yevlax, Ağdam, Mingəçevir, Bərdə, Gəncə, İmişli, Bakı) əlilliyi olan şəxslər və aztəminatlı ailələr tərəfindən hazırlanmış müxtəlif əl işləri və digər məhsullar nümayiş olunub. Yarmarkada sərgilənən məhsulların 65%-i tədbir çərçivəsində satılıb və iştirakçılardan yeni sifarişlər qəbul olunub.
Əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işlərinin və digər məhsulların satışına dəstək məqsədilə “İnstagram” səhifəsi (“Uğurumu özüm qazandım”) və layihə iştirakçılarının sosiallaşması və dəstək tədbirlərindən məlumatlı olmaları üçün “Telegram” kanalı yaradılıb və tədbir çərçivəsində təqdim edilib.
Tədbirdə həmçinin, KOBİA, Ailə Biznesinə Asan Dəstək (ABAD), Təhsildə Keyfiyyətin Təminatı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, “Gələcək Naminə” İctimai Birliyi, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyi, “Əlil Qadınlar” Cəmiyyəti, “Fərəh” İctimai Birliyi, “Cığır” İctimai Birliyinin nümayəndələri əlilliyi olan şəxslərə göstərilən dəstək tədbirləri və layhələr barədə məlumat veriblər.