“Zirvələrə yüksələn zərif insan ömrü”-Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib-FOTO

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda konfrans keçirilib.

QİA.AZ xəbər verir ki, Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə keçirilən konfransda aidiyyəti qurumların məsul əməkdaşları, tibb işçiləri, deputatlar, Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Konfransda “Zərif və insanpərvər Azərbaycan qadınının təcəssümü” mövzusunda çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva Zərifə Əliyevanın həmkarlarının və pasiyentlərinin onu “qoruyucu mələk” adlandırdığını deyib. Y.Abdıyeva Zərifə Əliyevanın yüzlərlə insana işıq bəxş etməsindən, köməksizlərə həmdəm olmasından bəhs edib: “Zərifə Əliyeva öz peşəsinə hər zaman vicdanla yanaşıb, zəhmətsevər fəaliyyətində əsil insani dəyər olan vicdana, səmimiyyətə böyük önəm verib. Bütün bilik və gücünü insanların sağlamlığının qorunmasına sərf edib, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərib”.

Y.Abdıyeva Zərifə Əliyevanın traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirasından və elmi əsərlərindən bəhs edib. “Peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən danışıb.

“Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirib və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırıb”, -deyə o, qeyd edib.
O, Zərifə Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları, onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərindən bəhs edib.

O qeyd edib ki, alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib edib, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərib, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib. Bildirib ki, alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərib və “həkim xəstənin ən doğma adamıdır” deyib.
“Zərifə Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub”,-deyə bildirən
Y. Abdıyeva Zərifə Əliyevanın-bütün ömrünü insanlara xidmət işinə sərf edən bir insanın bu gün aramızda olmamasına inanmağın çox çətin olduğunu vurğulayıb.

O qeyd edib ki, görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adının xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəlliverici məqamdır: “Öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.

Ölkəmizdə oftalmologiyanın daim inkişaf etdiyini deyən Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın adını daşıyan və onun irsini davam etdirən Milli Oftalmologiya Mərkəzi, onun regional filialları, bölgələrin əhalisinə təmənnasız oftalmoloji yardım göstərmək üçün təşkil olunan avtomobil və Dəmiryolu Səyyar klinikasının fəaliyyətindən də bəhs edib.

Oxşar Xəbərlər