Əgər müharibə bir neçə gün də davam etsəydi Ağdam istiqamətində ermənilərin bütün qüvvəsi məhv ediləcəkdi.
QİA.AZ-ın məlumatına görə, bunu Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində deyib.
Z.Həsənov qeyd edib ki, Ermənistan hərbi rəhbərliyi həmişə Azərbaycan ordusunun hücumunu Ağdam tərəfdən gözləyirdi və bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər, orada çox böyük əsgəri güc saxlayırdılar: “Bu da onların səriştəsizliyini göstərir. Biz də bu məsələləri nəzərə almaqla əsas zərbə istiqamətimizi ayrı yerə yönəltdik və planlarımızı dəyişdik. Düzgün planlaşdırma nəticəsində müharibə vaxtı gücümüzün bir qismi ilə Ermənistan ordusunun Ağdam istiqamətində yerləşən qüvvələrini blokladıq. Yəni biz elə şərait yaratdıq ki, bunlar hərəkət edə bilmədilər, hansısa istiqamətə dəstəyə gedə bilmədilər, hətta biz Şuşa əməliyyatını keçirəndə onlar ora dəstəyə gələ bilmədilər.
Bizim əməliyyatımızın nəticəsində, yəni həm Suqovuşandan, həm Xocavənd istiqamətindən hərəkətimiz nəticəsində bu qruplaşma praktiki olaraq mühasirəyə düşmüşdü. Ermənilər də bunu yaxşı bilirdi ki, əgər müharibə bir neçə gün də davam etsədyi, bu qruplaşma tam mühasirəyə düşəcəkdi.
Mən tapşırıq vermişdim, biz bütün toplarımızı, atəş-yaylım sistemlərimizi o ətrafa cəmləşdirirdik. Bir neçə gündən sonra hücum olmayacaqdı, praktiki olaraq bütün o ərazi artilleriya ilə şumlanacaqdı və oradan bir nəfər də salamat çıxmayacaqdı. Ona görə də Ermənistan bunu başa düşüb kapitulyasiyaya qol çəkdi”.