AXCP sədri Əli Kərimli qatı cinayətkarları müdafiə etməkdə davam edir. Bu dəfə isə o, konkret cinayət əməlinə görə hazırda həbsdə olan Saleh Rüstəmlini müdafiə etməyə çağırış edib. Hər zaman faktsız və istinadsız danışan Ə.Kərimli iddia edir ki, Saleh Rüstəmliyə qarşı “qanunsuzluqlar” dayandırılmalı və o, təcili azad edilməlidir.
AXCP sədri öz təxayülünə əsasən, bildirir ki, əfv ərizəsi yazmadığı üçün S.Rüstəmli qəzəbə tuş gəlib. Hətta bir qədər də dərinə gedərək iddia edir ki, hökumət bütün resurslarını səfərbər edib Saleh Rüstəmlini onun ailəsi ilə təhdid edir. Nə qədər gülünc və absurddur, deyilmi?
Kərimli daha sonra vurğulayır ki, Saleh Rüstəmli 2018-ci ilin may ayından bəri həbsdədir. O vaxtadək uzun illər ərzində Rusiyada yaşayıb işləmiş Saleh Rüstəmli Azərbaycanda məhbus ailələrinə etdiyi maddi yarıdmlara görə həbs olunub.
Saleh Rüstəmli kimdir və Kərimlinin “maddi yardım” adlandırdığı əməlinin arxasında əslində nə dayanırmış?
İndi isə gəlin görək, bu Saleh Rüstəmli kimdir və nə üçün həbs edilib?! 26 may 2018-ci il tarixdə Baş Prokurorluq və DİN AXCP-də yarım milyon dollara yaxın maliyyə pozuntusunun aşkar olunduğunu bəyan etdi. Birgə yayılan məlumatda bildirildi ki, prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb.
Belə ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparıb.
Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunub.
Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunub, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.
İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
AXCP-nin Rusiyadan qanunsuz yollarla maliyyələşməsi necə üzə çıxdı?
29 yanvar 2019-cu ildə Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş növbəti baxış iclasında Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindirildilər.
Elçin Əsgərbəyli məhkəmədə ifadəsində göstərib ki, 1992-ci ilin mayından Rusiya vətəndaşlığını alıb. Sankt Peterburq şəhərində icarəyə götürdüyü mağazada işləyərək ailəsini dolandırır. 2016-2017-ci illərdə tez-tez Sabirabad və ya Kürdəmir rayonundan olan Zaur adlı şəxs gəlirdi. Təxminən 2018-ci ilin əvvəllərində Zaur yanında sonradan tanıdığı AXCP-nin üzvü Aqil Məhərrəmovla onu tanış etdi. Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışır, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını danışırdı. Aqil söhbət zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək. Həmçinin qeyd olunan pul toplanmasının partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini deyirdi. Daha sonra Aqil ona Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pullarıda qanunsuz yollarla Azərbaycana göndərdiyini dedi. Deyirdi ki, Azərbaycana göndərilən pul vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar başqa yollarla Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimliyə veriləcək.
E.Əsgərbəyli məhkəmədə ifadəsində dedi ki, telefonunda olan proqram vasitəsilə özünün “Sberbank” bankında olan hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15.000 rubl məbləğində pul köçürüb.
Bundan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlılardan Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub.
Aqil Məhərrəmova yalnız bir dəfə 15.000 rubl məbləğində pul verib və Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərib. Həmin pulu verməkdə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olub.
Cavid Məsimli ifadəsində göstərib ki, atası 2005-ci ildən etibarən Moskva şəhərində işləyir, 2013-cü ildə atasının təklifi ilə işləmək üçün onun yanına gedib və restoranda aşbaz işləyib.
“Facebook” sosial şəbəkəsindən istifadə etdiyindən “Aqil Əli Məhərrəm” adlı istifadəçi ilə dostlaşıb. Bir müddət sonra Aqil ondan 3000 rubl verməsini xahiş edib və o, həmin pulun necə və hara xərclənəcəyini soruşub. Aqil isə ona bank hesabı kodunu göndərib bildirib ki, pul AXCP üçün lazımdır və pullar Əli Kərimliyə çatacaq.
2018-ci ilin may ayında 3000 rubl pulu Moskva şəhərində yerləşən “Sberbank” vasitəsi ilə Aqilin ona göndərdiyi bank koduna göndərib.
Cavanşir Abuşov ifadəsində bildirib ki, 2018-ci ilin iyununda Moskvada yerləşən “Skarabey” bazarında işləyən azərbaycanlılardan ona məlum olub ki, Orxan Zeynalova köməklik adı ilə verilmiş hesaba toplanan pullar əslində Azərbaycan xalq cəbhəsi partiyasının Azərbaycan ərazisində mitinq və toplantılarının maliyyələşdirilməsi, partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə toplanılıb. Eşidib ki, Rusiyada azərbaycanlılardan nağd və bank vasitəsilə bu məqsədlə pullar toplanılmış və qanunsuz yolla Azərbaycana göndərilib.
Rusiyadan qanunsuz yollarla böyük məbləğlərdə pullar Əli Kərimli üçün göndərilirmiş
Fevralın 1-də isə Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş növbəti baxış iclasında İslam Rəhimov, Natiq Kamalov və Vüsal Bayramov şahid qismində dindiriliblər.
Natiq Kamalov məhkəmədə ifadəsində göstərib ki, ticarət məqsədilə mütəmadi olaraq Rusiyaya gedib-gəlir, ayrı-ayrı şəxslərin Moskvadan Azərbaycana pul göndərilməsi məsələsini həll edir. 2016-cı ilin sonlarında Moskvada olanda Saleh Rüstəmov ona Bakıya 4000 ABŞ dolları göndərmək istədiyini, pulu Bakıda qardaşı oğlu Vidadi Rüstəmlinin götürəcəyini deyib. Pulu ondan götürdükdən sonra Vidadi Rüstəmlinin əlaqə vasitəsini qohumu Tural Mehdixanova göndərib. Vidadi Turalla Bakıda görüşərək 4000 ABŞ dollarını ondan götürüb. Bundan sonra dəfələrlə qeyd olunan qaydada Saleh Rüstəmov Moskvadan Bakıya bəzən 3000, bəzən isə 4000 ABŞ dolları göndərib. 2017-ci ilin ortalarında isə Saleh Rüstəmov onun vasitəsilə bir dəfəyə 175.000 ABŞ dolları pul göndərib, həmin pulu da Vidadi Rüstəmli Bakıda Turaldan götürüb.
Fevralın 5-də baş tutan məhkəmə prosesində isə Nazim Hüseynov bildirdi ki, ötən il mayın əvvəllərində axşam saatlarında Şəmkir rayon polis şöbəsinin yanında keçəndə polislər ona əməliyyat tədbiri keçirdiklərini bildirib onu hal şahidi kimi iştirak etməyə dəvət ediblər. O da buna razılıq verib və polislərlə birlikdə Şəmkirdə İstiqlal parkının yaxınlığına gediblər. Təxminən 20 dəqiqə sonra polislər Saleh Rüstəmova yaxınlaşıb özlərini təqdim edib onun narkotiklə məşğul olmasına dair məlumatlar əldə etdiklərini bildiriblər. Saleh Rüstəmov polislər ondan qanunsuz əşya və maddə olub-olmadığını soruşan zaman əynindəki gödəkçənin cibindən selofanda olan heroini təqdim edib. Hal şahidi Nazim Hüseynov Saleh Rüstəmova qarşı hər hansı təzyiq göstərilmədiyini, S.Rüstəmovun hər hansı etiraz bildirmədiyini vurğulamışdır.
Ceyhun Şabanov məhkəmədə ifadə verərkən Nazim Hüseynovun dediklərini təsdiq edib, Saleh Rüstəmovun gödəkçəsinin cibindən heroini çıxarıb polislərə təqdim etdiyinə hal şahidi olduğunu bildirib.
Beləliklə, Əli Kərimlinin xeyriyyəçi adlandırdığı Saleh Rüstəmli adlı bu şəxsin kimliyi artıq məlumdur. Onun istintaq prosesi barədə materialları, eləcə də barəsində alınan ifadələri daha da uzatmaq mümkündür. Lakin gərək yoxdur. Bu gün Əli Kərimlinin bu adamı müdafiə etməsi, onu “təmizə çıxamaq” cəhdi başadüşüləndir. Çünki vaxtilə az çörəyini yeməyib. İndi də əlindən gələn formada, həm də öz maraqları çərçivəsində “borcundan” çıxmaq istəyir. Daha bilmir ki, bununla özünü rüsvay edir…
Alpər Ziya