Əli Kərimli sağalmaz “xəstəliyə” tutulub: Danışdıqca batır

Adi bir müxalifət partiyasının sədri olmasına rəğmən, özünü bütün müxalifət partiyalarının “lideri” kimi görən və təqdim edən Əli Kərimli bu dəfə cəbhəçi eks-prezident Əbülfəz Elçibəyin müdafiəsinə qalxıb. O Elçibəyin ki, vaxtilə özü ona xəyanət etmiş və onun ideyalarına naxələf çıxmışdı…

Onun bu günlərdə sosial şəbəkədə yayımladığı videoçıxışıdan da aydın olur ki, adam danışdıqca batır, özü-özünü ifşa edir, gülünc duruma salır. Gəlin, onun bu bataqlığa necə düşdüyünü izah etməzdən əvvəl Prezident İlham Əliyevin cəbhəçilərlə bağlı bu yaxınlarda səsləndirdiyi fikirlərə diqqət çəkək:

“Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib – 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur…”.

İndi isə gələk sağalmaz “yalan xəstəliyi”nə tutulan Əli Kərimlinin fərziyələrinə: iddia edir ki, iqtidarın bu çıxışlarına ictimai dəstək yoxdur. Maraqlıdır, AXCP sədri ictimai dəstək deyəndə nəyi nəzərdə tutur? Bəlkə, hər kəs əlinə bir bayraq alıb küçəyə çıxmalı, dövlət başçısının bu fikirlərini anşlaqla alqışlamalı idi? Əslində, dövlət başçısı bu kimi fikirləri hər zaman deyib və dediyinin də isbatını təqdim edib. Nəticə etibarı ilə bütün xalq onu yenidən Prezident seçməyibmi? Bu gün isə Prezident İlham Əliyev son 2 əsrdə heç bir sərkərdənin edə bilmədiyi, olduqca çətin olan bir döyüşdən müzəffər komandan kimi çıxdı. Və hazırda Azərbaycan xalqı yenə də Onu dövlətin və ordunun başında görməkdə qərarlıdır. Bundan böyük ictimai dəstəkmi var?!

Keçək digər məsələyə: Kərimli cəbhəçiləri, Əbülfəz Elçibəy ideyalarını müdafiə edərkən deyib ki, yüzlərlə cəbhəçi Şuşanın müdafiəsində şəhid olub. Söhbət 1992-ci ilin mayından – Şuşanın işğal tarixindən gedir ha. Bəs, Kərimli, cəbhəçilər belə mərd və qorxmazdılarsa, onların vətən anlayışı ideologiyası mükəmməldirsə, Şuşa niyə işğal edildi? Yaxşı, bunu qoyaq kənara, bəs, Şuşa işğaldan azad olunanda, Azərbaycan böyük Zəfər tarixini yazanda harada idiniz? Niyə videoçıxışlar edib Azərbaycanın bu uğuruna sevinmədiniz, Azərbaycan Ordusunun, Ali Baş Komandanın gücünü öymədiniz? Əksinə, mahiyyətinə varmadan sülhməramlılarla bağlı əsassız şayiələrin ucundan tutub Azərbaycanın uğurlarına, ərazi bütövlüyünün bərpasına kölgə salmağa çalışdınız…

Hə, bir də deyirsiniz ki, “o zaman hakimiyyətə gələn Heydər Əliyev cəbhəçilərin silahını əlindən aldı, ona görə də rayonlarımız işğal olundu…”.

Absurd və gülüncdür, deyilmi? Əvvəla, Şuşa məhz cəbhəçilərin hakimiyyəti dövründə işğal edilib. Və bundan sonrakı işğalların da açarı məhz Şuşa olub. Və bir də sizlərin yarıtmaz əməlləriniz, siyasətiniz, hakimiyyət uğrunda didişmələriniz… Məhz, ulu öndər Heydər Əliyev sizin bu bacarıqsızlığınıza son qoydu. Ozamankı məhdud imkanlarla atəşkəsə nail oldu və daha çox ərazilərin işğal edilməsinin qarşısını aldı. Bunlar hamısı yaxın tarixdir və Azərbaycan xalqının gözü qarşısında olub. Odur ki, Əli Kərimli, bir daha ulu öndərin adını ağzınıza alanda bir neçə dəfə düşünün!

Nəhayət, gələk əsas mətləbə; Bu gün Əbülfəz Elçibəy ideologiyasından dəm vuran Əli Kərimli, AXC hakimiyyətinə xəyanət edən, ona qarşı çıxan elə özün olmadınmı? Əbülfəz Elçibəy ölüm yatağında canı ilə əlləşdiyi vaxtlarda onu ağır ifadələrdən ibarət silsilə məqalələr yazdıraraq təhqir etdirən sən deyildinmi? Elçibəy sağlığında ən ağır təhqirləri sən və qaragüruh dəstəndən almayıbmı? Sənin rəhbərlik etdiyin “yurd”çular Elçibəyin kabinetini ələ keçirmək istəməyibmi? 2000-ci ildə Ə.Elçibəy o vaxtkı 1-ci müavini olan səni və dəstəsini AXCP-dən qovmaq qərarı verməyibmi? Bu gün AXCP çətiri altında Elçibəy ideyalarını ayaqlar altına atmırsanmı? Məhz bu xəyanətkar mövqeyinə görə səndən imtina edən və zamanla partiyandan uzaqlaşan AXCP funksionerləri azdırmı? Bəlkə bir-bir adlarını da çəkək?

Odur ki, sən xəyanətin özüsən, Əli Kərimli! Çalış vətəni, milləti sev, hakimiyyət isə elə bir ömür sevdan olaraq qalacaq. Çünki müdrik Azərbaycan xalqı öz yolunu çoxdan müəyyən edib.

Alpər Ziya – Trend

Oxşar Xəbərlər