Əlilliyi olan şəxslərin minik avtomobili və təkərli oturacaqla (mühərrikli və mexaniki) təmin ediləcəyi hallar müəyyənləşib.
“QİA.AZ” xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapıb.
Qərarda qeyd olunub ki, minik avtomobili Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də Fərdi Reabilitasiya Proqramının tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər.
Tibbi göstərişlərdə şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir.
Tibbi göstəriş olduğu halda, şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır.
Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür.
Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir.
Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır.
Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir.
Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbitexniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur.
Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir.