“Ən gözəl ölüm şəhidlikdir. Ondan o tərəfi yoxdur…”

May18,2021 #şəhid

Hər bir insanın Vətən qarşısındakı borcu ən müqəddəs və ən ülvi borcdur. Heç bir şeylə ölçülməyə gəlməyən bu müqqəddəs hiss, hər bir vətən övladının qəlbinin əbədi sakinidir. 

Elə vətəni, onun torpağını, daşını müqəddəs eləyən də məhz bizim hər birimizin qəlbində yer tapan bu hissdir.

Vətənə sədaqət, düşmənə nifrət hissi ilə yaşayan Azərbaycan əsgəri birinci Qarabağ müharibəsində canıyla-qanıyla torpağı uğrunda canlarından keçdilər. Məlum səbəblərdən bu savaş məğlubiyyətə düçar olsada ikinci Qarabağ müharibəsində tökülən qanlar yerdə qalmadı. Bu günün gənc nəsli qardaşlarının qisasını aldı. 44 günlük Vətən müharibəsində düşmənə qan udduraraq xalqının anlından qara ləkəni təmizləyən el oğullarımızdan biri də Naxçıvan torpağının yetirməsi Aşur Cəmiyevdir.

Kapitan Cəmiyev Aşur Bəybala oğlu 1989-cu ildə Şahbuz rayonun Külüs kəndində anadan olub. Hərb həyatı bir qəhrəmanlıq salnaməsi olan Aşur hələ uşaqlıqdan vətənpərvərliyi ilə həmyaşıdları arasında seçilib.

Şəhidin ailəsini ziyarətimizdə atası Bəybala və anası Gülnar xanımala söhbətimiz zamanı öyrəndik ki, orta məktəbdə təhsil aldığı illərdə onun masasında həmişə Azərbaycan bayrağı olub. Uşaqlıqda atasının aldığı hərbi geyimi o qədər sevirmiş ki, yatanda da o paltarları əynindən çıxarmayıb. Övladının Vətənə, bayrağa və hərb sənətinə bu qədər sevgi ilə böyüməsi anası Gülnar xanımı nə qədər fərəhləndirib, sevindirsə də qəlbinin kənarında bir sızı qalıb. Müharibə ağrı-acısını, qanlı qadalı günləri görən ana övladının həyatı üçün hər zaman narahat olub.

Anası Aşurun hərbçi peşəsini seçməsi istəməsə də, oğlunu bu yoldan döndərə bilməyib. “Mən bu gün hərbi formanı geyinib sabah öləcəyimi bilsəm, yenə də geyinib şəhidlik məqamına yüksəlməyi seçərəm”. – deyən Aşura, anası “Yolun açıq olsun, oğul!” sözündən başqa heç nə deyə bilmir.

Aşur orta məktəbin 8-ci sinfini bitirən kimi sənədlərini Heydər Əliyev adına Naxçıvan Hərbi liseyə təqdim edir. 2003-2006-cı illərdə təhsilini müvəffəqiyyətlə başa vuran Aşur 2010-cu ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (DTX)akademiyasının sərhəd qoşunları fakultəsinin məzunu olub.

Oğlunu Bakı şəhərinə hərb təhsilini davam etdirməyə qəlbində bir narahatlıqla yola salan Gülnar xanıma övladı bir şeirlə vida edib:

Bu gündən oğlunu salırsan yola,

O qara gözlərlə yaş dola-dola.

Bilirəm, hər şeydən şirindir bala

Qəlbini incidib ağlama ana!

Sanki çıxdığı bu yolun sonunda şəhidlik zirvəsinə çatacağını bilirmiş, buna hazır imiş. Öz ölümü ilə anasının ağrılı qəlbini incidəcəyini də yaxşı bilirmiş Aşur…

  Tək arzuzu Vətəninin çətin zamanlarında öndə döyüşmək, bu müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalmaq olan Aşur  2020-ci 27 sentyabrda başlanan Vətən müharibısinə qatılır.

Aşur əslində sərhədçi olub. Lakin buna baxmayaraq könüllü olaraq ərizə ilə müraciət edərək müharibəyə qatılmaq istəyini bildirib. Əvvəl ərizəsi qəbul edilməsədə inadından əl çəkməyən Aşurun müraciəti sonradan qəbul edilir və döyüşlərə qoşulur.

Atası Bəybala kişi bildirdi ki, Aşur döyüşlər getdiyi zaman az da olsa zəng edir, ismariş yazırdı. ” Ölmədən öldürmək lazımdır, biz buna çalışırıq”,-deyirdi. O, Şuşa qalasına bayraq sancmadan şəhid olmaq istəmirdi.

Aşur Xudafərinə, Zəngilana  üçrəngli bayrağımızı sancan oğullar sırasında olmağın sevincini yaşayıb. Lakin Şuşanı görmək, oraya bayrağımızı sancmaq oğluma nəsib olmadı. Oktyabr ayının əvvəlində bizlə telefon əlaqəsi saxladığı zaman yaralı olub. Amma bizə bildirməyib. Heç döyüş yoldaşları da onun 15 gün ərzində yaralı halda döyüşdüyünü bilməyib. Hər kəsdən gizlədib. Vətən torpağını düşmən taptağından azad etməyi öz yarasının sağalmasından üstün tutan oğlum Zəngilan da gedən son döyüşdə düşmən snayperinə tuş gəlib”.

Bunları bizimlə bölüşərkən  qəhərlənən, eyni zamanda qürurlanan şəhid ailəsi ilə söhbətləşərkən ana Gülnar xanım onu da qeyd etdi ki, Aşur Qarabağın işğaldan azad edilməsi ilə Naxçıvanın, Azərbaycanın digər bölgələri ilə birləşəcəyindən də çox ümidli idi. Bunu çox istəyirdi. Hətta ailəsi ilə danışdığı zaman “Gün gələcək torpaqlarımızı azad etdikdən sonra mən sizi görmək üçün Naxçıvana dəmir yolu ilə gələcəyəm”- deyən Aşura bunu həyata keçirmək nəsib olmasa da döyüşçü qardaşlarının torpaqlarımızı azad etdikdən sonra Ali baş Komandanın siyasi iradəsi nəticəsində bu arzusuna onun ailə üzvləri tez bir zamanda çatacaq.

Çox keçməyəcək Azərbaycan vətəndaşları Zəngilan və tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçməklə Naxçıvana və əks istiqamətdə rahat hərəkət edəbiləcəklər.

Kapitan Cəmiyev Aşur Milli Qəhrəman Mübariz İbrahimovun yolunu özünə döyüş yolu seçmişdi. Hətta Mübarizin anım günü onun doğum gününə təsadüf etdiyindən 2010-cu ildən sonra ad günü qeyd etməyib.

Döyüş zamanı onun üçün çox narahat olan dostuna göndərdiyi səs yazısındakı iki cümləsi bu gün dillər əzbərinə çevrilib. “Ən gözəl ölüm şəhidlikdir. Ondan o tərəfi yoxdur…”

Aşur bu səs yazısını dostuna göndərdikdən sonra çox çəkmir ki, arzusunda olduğu o yüksək məqama yüksəlir.

İndi atalarına layiq olmağa çalışan, gəlcəyin müzəffər iki əsgəri və bir körpə qızı Vətənə və bizə əmanətdir. Necəki Aşur Cəmiyev bütün Azərbaycan xalqının övladıdır, onun övladları da bizim övladımızdır.

Ruhun şad olsun şəhidim!

Bəxtiyar Əliyev

QİA.az

Oxşar Xəbərlər