1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində başçəkmələr davam etdirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinə və qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmələr keçirilib.

Bu barədə “QİA.az”a Aparatın mətbuat xidmətindən məlumat verilib.
Penitensiar Xidmətin Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib, onlara 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Ombudsmanın təbrikləri çatdırılıb. Həmin şəxslərlə konfidensial görüş zamanı müəssisədəki saxlanma şəraiti və rəftarla bağlı uşaqların fikirləri öyrənilib, Ombudsmana müraciətləri qəbul edilib.
Daha sonra müəssisənin bəzi obyektlərinə baxış keçirilib, saxlanma şəraitinin təkmilləşdirilməsi istiqamətində müəssisə əməkdaşlarına tövsiyələr verilib.
Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində isə körpəsi olan məhkumlar üçün nəzərdə tutulmuş yaşayış sahəsinə baxış keçirilib, burada saxlanma şəraiti və rəftarla bağlı məsələlər araşdırılıb. Burada saxlanılan şəxslərlə Milli Preventiv Mexanizm çərçivəsində məhkumların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət barədə söhbət aparılıb, onlara hüquqları, Ombudsmanın səlahiyyətləri izah edilib. Yekunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpəsi olan məhkum analara Ombudsmanın təbrikləri çatdırılıb, onlara sovqat təqdim edilib.

Oxşar Xəbərlər