Azərbaycan illik qaz hasilatını 50 milyard kubmetrə çatdırmaq istəyir

Bu gün “İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları” mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu – Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib.

Bu barədə “QİA.AZ”a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə nazir Pərviz Şahbazov da iştirak edib. Malayziyanın ev sahibliyi ilə virtual formatda təşkil olunmuş forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək və dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti və biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində təşkil olunmuş “Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçı – istehlakçı perspektivləri” mövzusunda Nazirlərin Dəyirmi Masasında çıxış edən nazii Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib və bildirib ki, bu ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaqdır. Eyni zamanda, ayrı-ayrılıqda TANAP və TAP layihələri haqqında da məlumat verilərək, həm bu kəmərlərin, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi və daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa və Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.

Çıxışda həmçinin, Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan Şahdəniz yatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac edilib.

Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.

Forumda 100-ə yaxın yüksək səviyyəli hökumət nümayəndələri, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblər.

Oxşar Xəbərlər