İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabini, onun qələm yoldaşlarını, maarifçi silahdaşlarını, demokratik fikir ortaqlarını, milli mətbuatımızın inkişafına xidmət etmiş bütün fədakar aydınlarımızı dərin hörmətlə anırıq. Gələn il 150 illik əlamətdar yubileyi bayram ediləcək milli mətbuatımız ağrılı-acılı, xeyirli-uğurlu, sevincli və kədərli dönəmlərdən keçib, senzuralar, qapanmalar görüb, Xalq Cümhuriyyəti dönəmində “Azərbaycan”a dönüb – daha çox azərbaycanlaşıb, dövlətləşib, cümhuriyyət məzmunu qazanıb. Sonra 28 aprellə başlayan işğal, ardınca sovetləşmə dönəmi, Stalin repressiyası, allahsızlar cəmiyyəti və o cəmiyyətin mətbu orqanı daxil olmaqla travmatik proseslər baş verib… Daha sonra sovet sisteminin özündə belə durulmağa, sistem təzələnməsinə ehtiyac duyulub, repressiya qurbanlarına rəsmi bəraət dönəmləri gəlib, ötən əsrin 60-cı illər yumşalması müşahidə olunub… Ondan sonra isə Azərbaycanda yeni dönəm başlayıb – bu dönəm ümumölkə inkişafı, o cümlədən mətbuatın inkişafı dönəmidir və Heydər Əliyevin adı ilə sıx bağlıdır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın “149 il öncə əkilən toxumlar gülüstan yaratdı” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: “55 il əvvəl başlayan həmin dönəm Azərbaycanın həyatında bütün əməli çalışma sahələri üzrə yeni fəsil açdı. Mətbuatımız da ölkəmiz kimi, çiçəklənməyə başladı – öz yaddaşı, öz irsi və gələcəkyönümlülüyü ilə.. Ümummilli Liderin dediyi kimi, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”…
XIX yüzillikdə “Əkinçi”nin (1875-ci il 22 iyul – 1877-ci ilin sentyabrı), XX əsrdə Cümhuriyyətimizin ömrü (1918-ci il 28 may –1920-ci il 28 aprel) iki il çəkmiş olsa da, hər iki əziz dövrdə əkilmiş toxumlar milli ruhumuzu, milli qürurumuzu, əzmimizi, ümid və inamımızı cücərtmiş oldu. Çəkilən zəhmətlər, axıdılan alın təri torpağın mayalanmasına və havalanmasına, Günəşin daha dərin nöqtələrə şəfəq saçmasına, mədəniyyət iqlimimizin daha çox ünvan qazanmasına, xalqımızın mədəni səviyyəsinin yüksəlməsinə ciddi təsirlər göstərdi. Nəhayət 70 ilə yaxın çəkən sovet dönəmi başa çatdı, sağlam toxumlar öz bəhrəsini verməyə başladı. Millətin ölməz ruhunun işığı hər yerə yayıldı…
İşə elə gətirdi, qarşımıza yenə qara buludlar çıx(arıl)dı, dolu döydü, tufan qopdu, fəlakətlər yaşandı amma ana torpaq, ulu Günəş, ölməz milli ruh milləti, ölkəni ayağı torpaqda, başı Günəşdə olmağa, ayağını yerə bərk basmağa çağırdı, gələcəyə inam aşıladı.
Cümhuriyyətimiz elan olunmamışdan, dövlət müstəqilliyimiz bərpa edilməmişdən əvvəl də milli mətbuatımız var idi. Müstəqillik haqqında yazarkən, yalnız 1918-ci il 28 may – 1920-ci il 28 aprel aralığını və 1991-ci il 18 oktyabrdan sonrakı dönəmi vurğulamırıq. Əlbəttə, mümkün olan hər məqamda xalqa, doğma Vətənə, müstəqillik eşqinə xidmət edən mətbuat xadimlərimiz olub. Müstəqilliyin bərpasından sonrakı dönəmdə də yenə Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə qayıdışının gətirdiyi əvəzolunmaz yenilikləri qədirşünaslıqla yad edirik. Bütün digər dəstəkləri, fərmanları bir qırağa qoysaq belə, ölüm hökmünün və senzuranın ləğvini xatırlatmaq Heydər Əliyev uzaqgörənliyini, dühasını göstərmiş olur. Ölüm hökmü və senzura! Bütün qalan addımlar bu iki böyük addım (iki tarixi Fərman!) olmadan nəyə yarayardı?! Heydər Əliyevin adını milli mətbuatımızla, ümumilikdə Azərbaycan adı ilə yanaşı çəkməyimiz məhz bu böyük işlərə minnətdarlığın ifadəsidir.
“Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”, – söyləyən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu yüksək qiyməti mətbuatımıza həm şərəf, həm də məsuliyyət gətirir. Çox şadıq ki, ölkəmizin, xalqımızın son illər yaşadığı ən böyük hadisələrdə – İkinci Qarabağ müharibəsində, postmüharibə dönəmində mətbuatımızın həm sevdalı, həm peşəkar fəaliyyəti o şərəf və məsuliyyətə nə dərəcədə cavab verdiyini göstərdi.
Azərbaycan mətbuatı artıq qlobal informasiya şəbəkəsinin bir parçasıdır. İndi milli mətbuatımız qalib Azərbaycanın həqiqətlərini yayır, təbliğ-tərənnüm edir. Könül dostlarımızın sözü ilə desək, biz xarici mətbuatı da ölkəmizə “gəldim, gördüm, yazdım” formulu üzrə çağırırıq. Gəlsələr, görsələr, sevəcəklər, sevərək yazacaqlar, yazaraq sevəcəklər. O ki, qaldı qərəzkarlara, onlar üçün fərqi yoxdur – görsünlər ya görməsinlər, onların öz bədnam missiyası var: qaralama!.. Ancaq bu, əlbəttə, əsl mətbuatın missiyası deyil. Əsl mətbuat aydınlaşdırmaqdır!
Beləliklə, qalib Azərbaycanın mətbuatı yeni məqsədlərə yönəlməlidir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”.
Bayrağımız uca, qəzetimiz, dərgimiz oxunar, radiomuz eşidilər, televiziyamız baxılar, saytlarımız da rəqabətədavamlı olsun!