20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi- FOTO

Yan20,2022

Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. Tarix boyu Azərbaycan çox ağır sınaqlardan çıxmış, xalqımıza qarşı qanlı cinayətlər, terror aktları, soyqırımlar törədilmişdir. Soydaşlarımız zaman-zaman etnik təmizləmə siyasətinə məruz qalmış, öz tarixi torpaqlarından deportasiya olunmuşdur. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı əsrin ən dəhşətli faciəsi törədildi. Vətənin azadlıq və müstəqilliyi uğrunda mübarizəyə qalxan, erməni təcavüzkarlarının fitnəkar torpaq iddiasına qarşı öz etiraz səslərini bildirən əliyalın insanlara qarşı keçmiş SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən qanlı faciə törədildi. Dağılmaqda olan sovet imperiyası öz azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan xalqı güllələyərək, tankların təkərləri altında əzərək onların mübarizə əzmini, iradəsini qırmağa çalışırdılar. Lakin düşmən yanılmışdı. “Hər kəs öz qəlbindən pay biçər”-demişdir babalarımız. Cəlladların bizim torpaq, vətən sevgimizdən, şəhidlik şərəfimizdən xəbərləri yox idi. əliyalın, Lakin sinəsində Azərbaycan sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız həmin gecə şəhid oldular. O gecə bu xalq şəhidlər versə də, düşmən qarşısında diz çökmədi, azadlığa layiq olduğunu bütün dünyaya sübut etdi. Azərbaycanda öz hökmranlığını təsdiqləmək niyyəti ilə qırğın törədən imperiya əks-nəticə ilə üzləşdi. İnsanlığa qarşı yönəlmiş bu qanlı aksiya sovet rejiminin qəddarlığını, saxtalığını və artıq iflasa uğradığını bir daha təsdiqlədi. Əlisilahlı cəlladlar “Torpaq-əgər uğrunda ölən varsa, Vətəndir”-deyən bir xalqı susdura bilmədilər.

20 Yanvar hadisələri xalqımızın tarixinə qanla yazılmış şərəf və qəhrəmanlıq səhifəsidir. Həmin müthiş gecədə həlak olan vətənin oğul və qızları öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutub, canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, qaranlıq keçmişimizdən işıqlı sabahımıza yol açdılar. Onlar ölümləri ilə ölümsüzlüyə qovuşaraq yüzillik əsarət, köləlik zəncirini qırıb dağıtdılar. Ölümün gözünə dik baxan belə Vətən övladlarının qəhrəmanlığı bizi müstəqilliyə, azadlığa qovuşdurdu. Müxtəlif yaşlarda əbədiyyətə qovuşan igid soydaşlarımız onları görənlərin yaddaşlarında da bu yaşlarda qalıblar. Onlar xalqımıza müstəqilliyimizlə yanaşı müqəddəs and yerimiz, nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz olan şəhidlər xiyabanını bəxş etdilər. Nə qədər ki, belə igidlərimiz var, Vətən basılmayacaq. Şəhidlər xiyabanı dünyaya gələn yeni nəsillərə onların qəhrəmanlığından danışacaq, bu günlərin qədrini bilməyə tövsiyyə edəcək, ürəklərdəki vətən, yurd sevgisini sönməyə qoymayacaq.

Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsi qurbanlarının ö qanlı gecədə nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq. Vətən yolunda, el yolunda şəhid olanlar heç vaxt unudulmurlar və onların xatirəsi nəsillər dəyişsə də, ürəklərdə əbədi yaşayacaqdır.

Nərminə Allahverdiyeva

Naxçıvan Dövlət Tarix muzeyinin böyük elmi işçisi

Oxşar Xəbərlər