20 Yanvar faciəsi Peru mətbuatında

Perunun böyük oxucu kütləsinə malik “La Razon” və “Prensa21” xəbər portallarında 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar faciəsi: müstəqilliyin yüksək qiyməti” sərlöhvəli məqalələr dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “QİA.AZ”a verilən məlumata görə, yazılarda tarixdə mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan olan 20 Yanvar faciəsi zamanı keçmiş sovet respublikaları arasında ilk dəfə müstəqillik hərəkatı başlatmış Azərbaycanda bu hərəkatı yatırtmaq və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına münasibətdə sovet rəhbərliyinin ədalətsiz mövqeyinə etiraz edən Azərbaycan xalqının iradəsini sındırmaq üçün M.Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun paytaxt Bakıya yeridildiyi bildirilir. Qəddar sovet maşınının bu müdaxiləsi zamanı qadın və uşaqlar da daxil olmaqla 133 dinc etirazçının amansızca qətlə yetirildiyi, 700-dən çox insanımızın yaralandığı qeyd olunur.

Eyni zamanda digər respublikalara da xəbərdarlıq məqsədi daşıyan bu əməliyyatın faciəvi nəticələrinə baxmayaraq, 20 yanvar gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildiyi, bu qanlı müdaxilənin xalqımızın iradəsini sarsıda bilmədiyi, Azərbaycanın 1991-ci ildə nəhayət öz müstəqilliyini elan etdiyi və Ermənistanın növbəti 30 ilə yaxın dövr ərzindəki hərbi təcavüzünə, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə və 1 milyona yaxın soydaşımızı məcburi köçkünə çevirməsinə baxmayaraq, ölkəmizin regionun hərtərəfli liderinə çevrildiyi söylənilir.

Sonda 20 Yanvar faciəsi qurbanlarının builki anım mərasiminin Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonrakı ilk mərasim olduğu, ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş və adını ölkə tarixinə öz qanı ilə həkk etmiş soydaşlarımızın övladlarının 31 il sonra sələflərinin qəhrəmanlığını təkrar edərək vətəninin ərazi bütövlüyünün bərpası uğrunda həyatını qurban verdiyi, bu səbəbdən də Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı deyilir.   

Oxşar Xəbərlər