2023-cü ildə ACE layihəsindən ilk hasilat üçün işlər qrafiklə aparılır

2023-cü ildə ACE layihəsindən ilk hasilat üçün işlər qrafiklə aparılır

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, il ərzində “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi, eləcə də BP-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, 2020-ci ilin sonuna müfəssəl mühəndis-layihələndirmə işləri əsasən bitib. İl ərzində daha əvvəllər gətirilmiş çoxsaylı lövhələr, boru xətləri və digər iri materiallara əlavə olaraq dördüncü rübdə ən azı 10 iri avadanlıq yükü Bakıya çatdırılıb.

Platformanın üst modullarıın və qazma qurğularının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Son əməliyyatlara alt göyərtənin seksiyalarının stapelin üzərinə qaldırılması, ilk iri avadanlıq komponentlərinin öz yerlərinə yerləşdirilməsi, boru xətləri ilə yanaşı açıq göyərtənin panelinin quraşdırılması işlərinin genişləndirilməsi, qazma qülləsinin tikinti-quraşdırma sahəsinə gətirilməsi və qazma modullarının sahədə quraşdırılması və montajı işlərinin başlanması daxildir.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq bloku payalarının tikintisi tamamlanıb, uğurla yüklənərək platformanın quraşdırılacağı yerə göndərilib və təhlükəsiz şəkildə dəniz dibində quraşdırılaraq platformanın dayaq blokunu qəbul etməyə hazır vəziyyətə gətirilib. Dayaq blokunun quraşdırılması işləri davam edib. Hazırda onun birinci seksiyaları stapelə yüklənib. 2020-ci ildə həmçinin sualtı qurğuların istehsal-quraşdırma işlərinə başlanıb.

İl ərzində həmçinin ACE layihəsinin digər hissələrini də irəli aparan işlər görülüb. Bunlara lay sularının idarə olunması ilə bağlı “Mərkəzi Azəri” platformasında aparılan işlər və “Şərqi Azəri” platformasında ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə hazırlığın başlanması daxildir

Bundan əlavə, Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi ilin sonuna, demək olar ki, tamamlanıb və bu nəzarət otağının quraşdırması 2021-ci ilə planlaşdırılır.

2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq yükləri Azərbaycana doğru hərəkət etməkdə davam edir.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Oxşar Xəbərlər