2023-cü ildə UEFA Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.
“QİA.az” xəbər verir ki, bu barədə məlumatı italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşıb.
Avropa futbol qurumu koronavirusa görə cari mövsüm qitənin bir nömrəli klub turnirinin həlledici matçını İstanbuldan alıb, Portuqaliyanın Portu şəhərinə verəcək.
Bu qərarların tezliklə açıqlanacağı gözlənilir. 2023-cü ildə final oyunu Almaniyanın Münhen şəhərində keçirilməli idi.
Qeyd edək ki, cari mövsüm Çempionlar Liqasının finalında İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları qarşılaşacaq.
Türkiyə hökuməti mayın 3-də 16 ölkədən, o cümlədən, Böyük Britaniyadan gələnlər üçün mənfi nəticəli PZR testləri təqdim etmələrinə dair tələbi ləğv edib. Bu qərar mayın 15-dən qüvvəyə minəcək.
Bununla yanaşı, Türkiyə koronavirus infeksiyası üzündən “qırmızı zona”ya düşüb. Bu ölkədən Böyük Britaniyaya gedənlər mehmanxanada 10 gün öz hesablarına qalmalıdır.