Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Vətən – o hər zaman yaşasın deyə uğrunda düşünmədən canını qurban vermək, onun müqəddəsliyinə daha da müqəddəslik gətirməkdir . Bu müqəddəsliyin nə olduğunu 44 günlük Vətən müharibəmizdə Azərbaycan oğulları bir daha sübut etdi. Canıyla , qanıyla Vətən yazdı Azərbaycan ərənləri. Hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub, canından canına pay verməklə təsdiqlədi Vətən övladları.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi hər birimizdə qürur doğurur və bu amal uğrunda fədakarlıq göstərənlər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar.
Vətən müharibəsində 35 yaşında canını bu vətənə fəda edən Azərbaycan Silahlı Qüvvələrinin şəhid mayoru Elşən Orucov da yüksək zirvəni fəth etmiş qəhrəmanlarımızdandır.
1985-ci il avqustun 11-də Orucovlar ailəsində dünyaya göz açan Elşən orta təhsilini Ayrınc kənd orta məktəbində alıb. 90-cı ilin əvvəllərindən başlanaraq torpaqlarımız işğal olunanda Elşən məktəbli idi. Amma bir gün o torpaqları işğaldan azad etmək üçün o da hərbçi peşəsini seçdi. 2001-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. 2004-cü ildə Liseyi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirdi. 2008-ci ildə məzun oldu. Bir il sonra Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirdi. Xidmətinə Gəncə şəhərində başlayan Elşən Orucov bir il sonra Ağdam rayonuna göndərildi. 2016-cı ildə Füzuli rayonunun Horadiz qəsəbəsində 3 illik xidmətindən sonra Ağcabədi rayonunda xidmət etdi. Mayor Elşən Orucov Aprel döyüşlərində düşmənin əks-həmlə əməliyyatını qələbə ilə tamamlayan oğullardan oldu. Vətənə xidməti dövründə daim yüksək bacarıqları ilə fərqləndi. Aldığı medallar, rütbələr onun necə bir zabit olmağının sübutudur. Leytenant, baş leytenant, kapitan, mayor rütbəsi, II və III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, Aprel döyüşlərində “Döyüşlərdə fərqlənməyə görə”, Vətən müharibəsində Cəbrayılın, Qubadlının azad olunmasına görə və “Vətən uğrunda” “Cəsur döyüşçü” medalları hərbçi kimi onun ünvanına yazıldı. Görünür, Uca Tanrı onun qismətinə ən uca məqamı almağı da yazıbmış – Şəhidlik məqamını…
Torpaqtəpədə xidmət etdiyi dövrdə Milli qəhrəman Mübariz İbrahimovun komandiri olan Elşən Mübariz kimi cəsur döyüşçülər yetirdi bu vətənə. Vətən müharibəsində tabor komandiri vəzifəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə öz taboru ilə birlikdə mərd-mərdanə döyüşdü, neçə-neçə əsgərini müharibənin odundan, alovundan qurtarıb onlara ikinci həyat verdi. Döyüşlərdə iki dəfə yaralansa da, yenə səngərə, top-tüfəng səslərinin sükutunu pozduğu o dağlara qayıtdı. Düşmənin onlarla canlı qüvvəsini məhv etdi, xeyli miqdarda silah və texnikasını qənimət kimi ələ keçirdi.
“Vətən üçün ya şəhidik, ya qazi, ya da sağıq” deyən mayor Elşən Orucov müharibənin 25-ci günü oktyabrın 22-i Qubadlının Muradbəyli kəndində snayper atəşi ilə şəhidlik məqamına yüksəldi. Qəhrəmanımızın nəşi düşmənlə mübarizədən sonra noyabrın 3-ü qaldığı ərazidən götürülərək noyabrın 6-sı doğulduğu kənddə dəfn olundu.
Beləliklə, atasının, anasının ilk göz ağrısı olan Elşən həm də vətənin baş ucalığı oldu.
Ad günündə ailəsini ziyarət etdiyimiz Əfsanə xanımla 2008-ci ildə ailə həyatı qurub. Ondan ailəsinə və xalqına Aygün və Günəş adında iki qız övladı əmanət qaldı.
Ruhun şad olsun şəhidim
Bəxtiyar ƏLİYEV