Sabunçu rayonunda azyaşlının şiddət gördüyü və təhqir edildiyi 310 nömrəli bağçanın direktoru və tərbiyəçinin görüntüləri yayılıb.
Direktor çəkiliş zamanı bildirib ki, uşaq bağçasından səs-küyün gəlməsi normaldır.
Daha ətraflı Real TV-nin süjetində:
16:21
Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunublar.
Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.
DİN rəsmisinin sözlərinə görə, onların izahatları alınıb.
E.İbrahimov qeyd edib ki, barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.
14:01
Bakıda bağçaların birində tərbiyəçi azyaşlıya şiddət göstərib, təhqir edib.
QİA.az bildirir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Videonun Sabunçu rayonunda yerləşən 310 saylı bağçada çəkildiyi bildirilib. Kadrlarda tərbiyəçinin yatmadığı üçün uşağa qışqırdığı və zorakılıq etdiyi əks olunub.
Məsələ ilə bağlı Oxu.az Bakı Şəhəri Təhsil İdarəsinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb:
“Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.
Həmçinin, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib”.
“Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, – deyə məlumatda vurğulanıb.