Ermənistan siyasətində son dövrlər yaşanan təlatüm yeni fazaya qədəm qoyub. “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın müxalifət nümayəndələri ilə görüşləri, regionlara səfər edərək kəndbəkənd gəzib özünə tərəfdar toplaması və sentyabrdan aksiyalara yenidən davam edəcəyini bəyan etməsi fonunda hakimiyyət nümayəndələri tez-tez qapalı iclas keçirir, 2026-cı il seçkisi ilə bağlı planlar qururlar.
Maraqlıdır ki, daxili və xarici siyasətdə yaşanan fiaskolar artıq bütün sahələrə sıçrayıb və Qərbin erməni dövlətinə dəstəyi getdikcə azalmaq tendensiyasına qədəm qoyub. Məsələn, son bir ildə, xüsusən də yanvar ayından Ermənistana göndərilən Qərb qrantlarında ciddi azalma müşahidə edilib. Paşinyan və komandası Qərbə “sevgi etirafları”na davam etsələr də, Avropa açıq şəkildə göstərir ki, onun Ermənistanda müxtəlif proqramlarla bağlı xüsusi və böyük marağı yoxdur. Bunun səbəbi isə əvvəlki proqramlarda hökumətin böyük ölçüdə iflasa uğramasıdır.
Qərb Paşinyan və hakim komanda vasitəsilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdan başqa niyyətinin olmadığını da gizlətmir. Üstəlik, illərlə qrantlarından qidalanan strukturların effektivliyindən kifayət qədər ciddi narazılıq da var. Hakimiyyət bu il iki dəfə qrant verən iki təşkilatın Ermənistan “nümayəndəliyinə” müxtəlif layihələr həyata keçirmək üçün bir neçə QHT-yə vəsait ayrılması ilə bağlı müraciət etsə də, pul verilməyib. Düzdür, rədd cavabı birbaşa olmasa da, bildirilib ki, hazırda belə məsələlərə pul ayırması məqsədəuyğun hesab edilmir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, son günlər aparılan sorğunun nəticələri də hakim partiyanın reytinqinin kifayət qədər aşağı olması, hakimiyyətə ictimai dəstəyin çox aşağı düşməsi reallığını da ortaya qoyub. Məsələn, “Gallup”ın direktoru Aram Navasardyan bildirib ki, sorğu nəticələrinə əsasən, respondentlərin cəmi 14.4 faizi hakim partiyaya səs vermək niyyətindədir. Qalstanyan isə cəmi 1.5 faiz səs toplayıb. Respondentlərin 32.5 faizi isə seçkidə iştirak etməyəcəyini vurğulayıb. Bununla yanaşı, sorğuda iştirak edənlərin 54.8 faizi baş nazirin fəaliyyətindən narazılıq edib. May ayında keçirilən sorğu nəticələri ilə müqayisədə “Vətəndaş müqaviləsi”nin reytinqinin getdikcə zəiflədiyi ortaya çıxır.
Sorğu nəticələri erməni siyasətindəki acı reallığı ortaya qoysa da, hakim partiya belə bir fikir yaratmağa çalışır ki, onlar ictimai dəstəyin azalmasından qətiyyən narahat deyillər. Son aylar partiyanın tez-tez qapalı iclas keçirdiyini də nəzərə alsaq, 2026-cı ildə seçki saxtakarlığı ilə qalib gələcəklərinə görə belə fikir aşıladıqları aydın olur. Məsələn, parlamentin spikeri Alen Simonyan dəfələrlə bildirib ki, 10 aydan bir seçkiyə getməyə hazırdırlar. Alen Simonyan və hakim komandanın digər üzvlərinin açıqlamalarının əksinə olaraq, reallıq hakimiyyət üçün kifayət qədər acınacaqlıdır.
Hakimiyyətin ictimai dəstəyin olmamasından ciddi narahat olduğunu anlamaq üçün sosioloji araşdırma aparmağa belə ehtiyac yoxdur, sadəcə olaraq, hakim elita nümayəndələrinin çıxışlarını diqqətlə dinləmək kifayətdir. Yuxarıda qeyd edilən məsələ isə baş naziri ciddi təşvişə salıb. Çünki siyasi kulislərdə gəzən söhbətə əsasən, Nikol Paşinyan Konstitusiya İslahatları Komissiyasına seçki zamanı parlamentdə sabit çoxluğun yaradılması ilə bağlı Konstitusiya tələbindən imtina etmək təklifini təqdim edib. Seçki Məcəlləsinə əsasən, parlament qüvvələrindən biri 54 faiz səs topladıqda və ya seçkinin nəticələrinin açıqlanmasından sonra 7 gün ərzində parlamentə daxil olan üç qüvvə koalisiya quraraq, 54 faiz səs çoxluğunu əldə etdiyi zaman sabit çoxluq yaranır. Bu isə o deməkdir ki, sabit çoxluq təmin edilməsə, seçkinin ikinci turu təşkil edilməlidir. İkinci turda isə ən çox səs toplayan iki siyasi qüvvə iştirak etməlidir.
Bu səbəbdən də Paşinyanın yeni təklifi hər şeyi çılpaqlığı ilə ortaya qoyur. Keçmiş jurnalist gözəl anlayır ki, onlar çoxluğun dəstəyini əldə edə bilməcəyəklər. “Cib müxalifəti” vasitəsilə də koalisiya qurmaq, hakimiyyətə yenidən yiyələnmək mümkün olmayacaq. Çünki dəfələrlə keçirilən sorğu nəticələri sübut edir ki, Paşinyanın yaratdığı “cib müxalifəti”nin mandat əldə etmə şansı sıfıra bərabərdir. Eyni zamanda, erməni müxalifətinin əlində olan media resursları bu partiyalar və onların liderləri barədə zaman-zaman ifşaedici məlumatlar tirajlayırlar.
Seçki ilində isə belə təxribatların kifayət qədər çox olacağını indidən ehtimal etmək olar. Bu səbəbdən də baş nazir hakimiyyəti yenidən ələ keçirməyə mane olan konstitusiya müddəasını indidən ləğv etməyi planlaşdırır. 2018 və 2021-ci illərdə Paşinyan bu mövzuda bir kəlmə də deməyib, çünki onun proqnozları və monitorinqləri sübut edirdi ki, lazımi baryeri keçə biləcək. İndi isə bilir ki, onun üçün bu maneə keçilməzdir.
Bu faktlar sübut edir ki, 2026-cı il seçkisi dövlət başçısı üçün kabusdur. İrəvan meriyasına keçirilən seçki göstərdi ki, hakim partiya bütün dövlət, kriminal və biznes resurslarından istifadə etməklə 30 faiz səsi çox çətinliklə topladı. Seçicilərin böyük əksəriyyəti “Vətəndaş sazişi”nə müxalifətdə olan qüvvələrə səs verdi. Sonradan isə bu qüvvələrin saxta müxalifət olduğu faktı da ortaya çıxdı. Bununla belə, İrəvan sakinlərinin 70 faizinin (söhbət seçkidə iştirak edənlərdən gedir) hakim partiya əleyhinə olması faktı ortadadır və bunu həll etmək artıq mümkünsüz görünür.
Yaranan mənzərə onu göstərir ki, hakimiyyət bütün dövlət, kriminal və biznes resursları ilə yanaşı, total saxtalaşdırma variantına da əl atacaq. Amma burada bir məqamı qeyd etmək lazımdır ki, əgər Paşinyan daha sərt anti-Rusiya addımları atmağı öhdəsinə götürsə, xarici qüvvələr, xüsusən də Qərb bu saxtakarlığa göz yumacaq.
Eyni zamanda, müxalifətin də zəif olması, ciddi yol xəritəsi və proqramının olmaması da hakim partiyanı ürəkləndirir. Bundan başqa, bir neçə ildir aparılan təbliğat nəticəsində müxalif qüvvələrin rusiyayönümlü olması faktını ortaya çıxarıb və Kremldən başqa heç bir xarici qüvvənin dəstəyini ala bilmir. Qısacası, erməni müxalifəti bu gün Qərbdə heç kimə lazım deyil. Çünki onların heç bir ideyası, fikri, proqramı, planı xarici qüvvələrin maraq dairəsinə düşmür.