BMT: Somalidə silahlı qarşıdurmalara görə 40 mindən çox insan evini tərk edib

Somalinin cənubunda silahlı qruplar arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, ən azı 42 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə münaqişə 100 min insana təsir edib. Qedo bölgəsində toqquşmalara yerli etnik qruplar arasında ərazi mübahisələri səbəb olub.

İdarədən bildirilib ki, nisbi sakitliyə baxmayaraq, regionda gərginlik yüksək olaraq qalır.

BMT-nin Somalidəki nümayəndələrinin sözlərinə görə, bu münaqişə ilə əlaqədar humanitar yardım göstərmək üçün məcburi köçkün düşərgələrinə çıxış iflic olub, xüsusən də səhiyyə, qidalanma, su təchizatı, kanalizasiya və gigiyena sahələrində böhran mövcuddur.

Oxşar Xəbərlər