Türkiyənin Bursa-Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİHD) sədri Lətifə Nağdəliyeva Gürcüstana səfəri çərçivəsində Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində də olub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzin icraçı direktoru Rəna Hüseynova və sədri Leyla Əmrahova qonağa Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində görülən işlər, həmçinin Mərkəzdə fəaliyyət göstərən dərnəklər barədə ətraflı məlumat veriblər.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor quruculuğu sahəsində Azərbaycan vətəndaşlarının və soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiyası, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gördüyü işlər ətrafında söhbət açılıb, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan icmaları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
L.Nağdəliyeva Bursa şəhərində Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinin birgə keçirilməsindən qürur hissi keçirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi Zəfərin ildönümü münasibətilə Bursa şəhərində keçirilmiş bayram tədbirlərində Bursa-Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi, Gənc Azərbaycanlılar Dərnəyi və Bursa Böyükşəhər Bələdiyyəsinin fəal iştirakını və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyini xatırladıb. Bununla yanaşı, Bursa şəhərində 14 qaziyə göstərilən maddi və mənəvi qayğıdan söhbət açıb.
Görüşdə “Bir millət, iki dövlət” prinsipi əsasında birgə addımlayan Azərbaycan ilə Türkiyənin hər zaman – həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğu vurğulanıb.
Gürcüstanda yaşayan soydaşlarımızla da əlaqələrin genişlənməsi istiqamətində ortaq layihələrin həyata keçirilməsinin vacibliyi qeyd olunub.