Media: Almaniya Ukraynaya gizli şəkildə böyük hərbi yardım partiyası göndərib 

Almaniya yayda gizli şəkildə Ukraynaya ağır zirehli maşınların daxil olduğu böyük hərbi yardım partiyasını təhvil verməyə başlayıb.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, iyulun əvvəlində Kiyevə məxfi şəkildə növbəti böyük hərbi yardım paketi göndərilib. Buraya Almaniya Müdafiə Sənayesi və Bundesver tərəfindən tədarük edilmiş 39 tank daxil olub.

Bundan başqa, keçən həftə Ukrayna Almaniyadan daha 10 ədəd “Leopard 1A5” döyüş tankı və 20 ədəd “Marder” piyadanın döyüş maşını (PDM) alıb. Beləliklə, Berlinin müharibə üçün tədarük etdiyi “Marder” PDM-lərinin 120-yə, təmir edilmiş “Leopard 1” tanklarının sayı isə 50-yə çatıb.

Bundan başqa Ukrayna ordusunun arsenalına 2 ədəd “Biber” körpüsalan tankı, 2 ədəd “Dachs” mühəndis tankı, 2 ədəd evakuasiya tankı və “Wisent 1” minatəmizləmə tankı əlavə edilib.

Almaniya, eyni zamanda ən vacib infrastruktur obyektlərini və şəhərləri Rusiya hava hücumlarından qorumaq üçün Ukraynaya başqa bir “IRIS-T SLM” hava hücumundan müdafiə (HHM) sistemi (daha əvvəl 3 ədəd) və daha bir “IRIS-T SLS” hava hücumundan müdafiə sistemi (daha əvvəl 1 ədəd) tədarük edib.

Göndərilən hərbi yardım siyahısında həmçinin 3 ədəd “HIMARS” reaktiv yaylım atəşi sistemi də mövcuddur. Bundesverdə “HIMARS” sistemi olmasa da, daha əvvəl ölkə Ukraynaya texniki cəhətdən çox oxşar olan 4 ədəd reaktiv yaylım atəşi sistemi təhvil verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Oxşar Xəbərlər