“Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi keçirilib

İyulun 10-12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə “Ceyranları qoruyaq!” adlı növbəti ekoloji yay düşərgəsi Göygöl rayonunda keçirilib.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiəti Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən düşərgəyə Göygöl, Gəncə və Samux rayonlarından ümumilikdə 30 məktəbli qoşulub.

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin keçirilməsində əsas məqsəd ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəslin maarifləndirilməsidir.

Düşərgə zamanı məktəblilər ceyranların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, nadir canlı növünün populyasiyasının bərpası üzrə görülən işlər və uğurlar haqda təqdimat, təlim və ekskursiyalarda iştirak edib, o cümlədən müxtəlif ekoloji müsabiqələrə və ətraf mühitlə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar. Uşaqlara təbiətdə komandalararası ekoloji oyunlar, fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar keçirilib, təbiət ərazilərində təhlükəsizlik qaydaları izah edilib. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 370 baş ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilib, onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Proqram ceyranların sayının artırılması və mühafizəsinə yönəlməklə yanaşı, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir. Uğurlu işlərin nəticəsi olaraq, hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 9 min başa qədər olduğu müəyyən edilib.

Oxşar Xəbərlər