Azərbaycan millisinin baş məşqçisi: İnanıram ki, Avropa çempionatına da vəsiqə qazanacağıq

“Yığmada çıxış edən hər bir futbolçumla fəxr edirəm”.

QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində ilk dəfə pley-offa vəsiqə qazanmaları barədə danışarkən deyib.

O, tarixi uğura görə xoşbəxt olduğunu bildirib: “Bu cür komandanın baş məşqçisi olduğum üçün qürur duyuram. Azərbaycan futbol millisi ilk dəfə Avropa çempionatının pley-off mərhələsində mübarizə aparacaq. Ölkədə son illər qadın futbolunun yüksəlişi davam edir. B divizionuna yüksəlməklə ölkə futbolunun tarixinə düşmüşdük. İndi isə yeni səhifə açdıq. Bu kollektivə, burada işləyən texniki heyətə təşəkkür edirəm. Təəssüflər olsun ki, pley-offa vəsiqə əldə etsək də, C Liqasına düşdük. Düşünürəm ki, indiyədək qazandığımız uğurlar sevindiricidir”.

Mütəxəssisi Avropa çempionatının seçmə mərhələsində keçirdikləri son oyunlarda Macarıstana 0:5, İsveçrəyə isə 0:3 hesablı məğlubiyyətləri də şərh edib: “Bu matçlardan ən azı 1 xal götürməli idik. Milli komanda toplanışa tam heyətlə gəlməmişdi. Çünki Rusiyada və Qazaxıstanda legioner həyatı yaşayan oyunçular hazırlığa iyulun 7-də qoşuldular. Türkiyədə oynayan qızlarda isə durum fərqli idi. Onlarda liqa mayın əvvəli bitmişdi və uzun müddətdir oynamırdılar. Macarıstanla qarşılaşmadan öncə iki futbolçum sarı vərəqə cəzalısı, digər ikisi isə zədəli idi. Bu amillər, eləcə də Bakıda qeydə alınan böyükhesablı məğlubiyyət komandaya mənfi təsir etdi. Çünki həmin qızlar B Liqasına vəsiqə qazanmaqla ölkədə olan insanların qadın futboluna baxışına dəyişmişdilər. Onlar düşünürdülər ki, macarlara məğlubiyyət komandanın hər şeyə sıfırdan başlamasına səbəb olacaq. Lakin ruhdan düşmədilər və meydanda sonadək döyüşdülər. Sarı vərəqə limitində olan oyunçular yığmaya İsveçrə ilə son görüşdə qoşula bildilər. Bilirsiniz ki, rəqib də Avropa qadın futbolunda sayılıb-seçilən ölkələrdən biridir. Matçdan əvvəl pley-off vəsiqə qazandığımızı bilsək də, isveçrəlilərlə görüşdə xal qazanmaq istəyirik. Növbəti raunda çıxmaq şansımız digər qrupda keçirilən Portuqaliya-Malta oyunundan asılı idi. Oradakı nəticə hər şeyi rəsmiləşdirdi”.

Baş məşqçi iyulun 19-da keçiriləcək püşkatma mərasimini gözlədiklərini söyləyib: “Pley-off mərhələsindəki rəqiblərimiz bəlli olacaq. Orada iki komandanı keçib final mərhələsinə vəsiqə qazana bilərik. İnanıram ki, bunu bacaracağıq”.

Qeyd edək ki, Azərbaycan millisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Yığmanın potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali İrlandiya kollektivləridir. Oyunlar oktyabrın 23-də və 29-da keçiriləcək.

Oxşar Xəbərlər